Azərbaycanın Rusiya ilə əlaqələri xarici amillər, o cümlədən Bakının Vaşinqtonla strateji tərəfdaşlıq etmək meylindən asılı deyil. Azərbaycan prezidenti İlham Əliyev bunu ABŞ-a ilk rəsmi səfəri çərçivəsində Beynəlxalq əlaqələr üzrə şurada çıxışı zamanı təsdiqləyib.
İngilis dilində çıxış edən İ.Əliyev bəyan edib ki, Azərbaycan dost və tərəfdaş ölklərlə sərfəli və mehriban əlaqələrin qurulması tərəfdarıdır. Bu əlaqələr qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipinə əsaslanmalıdır.
Dövlət başçısı ölkənin Rusiya ilə siyasi və ticari-iqtisadi əlaqələrinin hazırkı səviyyəsini yüksək qiymətləndirib. O, müntəzəm olaraq qarşılıqlı səfərlərin gerçəkləşdirildiyini və ikitərəfli ticarətin həcminin sürətlə artdığını xatırladıb. Keçmiş sovet məkanında ABŞ ilə Rusiya arasında yeni rəqabətin başlandığı haqqında kütləvi informasiya vasitələrində gedən məlumatları şərh etmək xahişinə cavab olaraq İ.Əliyev bildirib ki, əgər kimsə münasibətlərini müəyyənləşdirmək istəyirsə, bunu Azərbaycanda deyil, başqa bir ölkədə edə bilər. Belə ki, Azərbaycan özünü qarşıdurmalar yeri deyil, əməkdaşlıq məkanı hesab edir.
Dövlət başçısı qeyd edib ki, ABŞ prezidenti Corc Buş və digər rəsmilərlə görüşlər və danışaqlar zamanı o, müxtəlif sahələrdə ikitərəfli əməkddaşlıq məsələlərini önə çəkəcək. Azərbaycan prezidenti müzakirə predmetləri arasında Azərbaycan üçün vacib və ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin də oluduğu bildirib.
İran haqqında suallara gəldikdə isə İ.Əliyev cavab verib ki, Azərbaycan İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin diplomatik vasitələrlə tənzimlənməsinə tərəfdardır. O xatırladıb ki, Azərbaycanın İranla bağladığı sazişə əsasən, tərəflərin heç biri öz ərazisindən digərinə qarşı təhdidə yol verə bilməz. Bu barədə "İTAR-TASS" xəbər verir.