...

Ceyhun Mollazadə: ABŞ-la Azərbaycan arasında siyasi, iqtisadi, energetika, təhlükəsizlik və terrorizmlə mübarizə sahələrində münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qalxıb

Siyasət Materials 26 Aprel 2006 21:00 (UTC +04:00)

Heç bir dövlət Dağlıq Qarabağ probleminin necə həll edilməsində Azərbaycana təzyiq edə bilməz. Bu barədə Trend ə ABŞ-Azərbaycan Şurasının prezidenti Ceyhun Mollazadə Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfərinə münasibət bildirərəknn bildirib.

C.Mollazadə onu da qeyd edib ki, bu gün ABŞ-la Azərbaycan arasında siyasi, iqtisadi, energetika, təhlükəsizlik və terrorizmlə mübarizə sahələrində münasibətlər müəyyən maraqlardan strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. C.Mollazadə prezidentlərin danışıqlarında Dağlıq Qarabağ probleminin də müzakirə ediləcəyini istisna etməyib. Ancaq bildirib ki, bu məsələnin həllində tərəflər - Azərbaycanla Ermənistan müəyyən kompromis tapmalıdır: "Burada ABŞ-ın mövqeyi tərəflər arasında müəyyən dərəcədə vasitəçilik etməkdir. ABŞ-ın mövqeyi ondan ibarətdir ki, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ancaq münaqişənin necə həll olunacağı Azərbaycan prezidenti ilə ABŞ prezidenti və Vaşinqton administrasiyası arasında müzakirə ediləcək. Ancaq heç bir tərəf Azərbaycanı münaqişənin necə həll olunmasına məcbur edə bilməz".

C.Mollazadə prezidentlərin görüşündə ABŞ-İran münasibətlərinin də müzakirəsini istisna etməyib. O qeyd edib ki, bu məsələdə Azərbaycan sülhün tərəfdarı kimi çıxış edir: "Azərbaycan istəyir ki, bölgədə sabitlik davam etsin. Əməliyyatlar Azərbaycanın sərhəddində həyata keçirilərsə, bu, bölgədə müəyyən gərginlik yarada bilər. Bunu nəzərə alaraq rəsmi Bakı hər cür diplomatik imkanlarından istifadə edib, məlum münaqişənin hərb yolu ilə deyil, siyasi və dinc yollalra həllinə çalışır".

C.Mollazadə onu da bildirib ki, Azərbaycanla İran arasındakı münasibətlərdə dəyişikliklər olsa da, müəyyən problemlər hələ də qalmaqdadır. "Azərbaycanın marağında deyil ki, onun sərhəddində nüvə silahına malik olan dövlət nə vaxtsa rəsmi Bakıya öz iradəsini diqtə etsin. Bir tərəfdən Azərbaycan İranda nüvə silahının olmasının marağında deyil, digər tərəfdən də bölgədə müharibənin olmasını istəmir ki, gələcəkdə problemlər yaransın".

C.Mollazadə onu da qeyd edib ki, əgər bölgədə hərbi əməliyyatlar aparılsa Azərbaycan-İran arasında müəyyən qarşıdurma yarana bilər. Ona görə ki, İran Azərbayanın marağında olan bölgədəki mövcud beynəlxalq layihələrin qarşısını almağa cəhd göstərə bilər: "ABŞ-ın siyasəti ondan ibarətdir ki, məlum nüvə məsələsi sülh yolu ilə, Avropa Birliyi və Rusiyanın diplomatik səyləri nəticəsində həll olunsun. Amma eyni zamanda ABŞ prezidenti öz çıxışlarında bu məsələnin həlli istiqamətində müxtəlif vasitələrdən istifadə edəcəyini bildirib".

Xəbər lenti

Xəbər lenti