...

Əsgərlərə verilən konservləşdirilmiş ət məhsulları ilə bağlı araşdırma aparılıb

Siyasət Materials 3 May 2006 18:01 (UTC +04:00)

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə əsgərlərə verilən konservləşdirilmiş ət məhsulları ilə bağlı araşdırmalar aparılıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

İ.Verdiyev bildirib ki, son vaxtlar əsgərlərə müddəti ötmüş ət konservlərinin verilməsi ilə bağlı məqsədli məlumatlar yayılır. Bu da həm orduda, həm də cəmiyyətdə ajiotaj yaratmağa xidmət edir. Lakin aparılan araşdırmalar zamanı məlum olub ki, barəsində məlumat yayılan qidalar istifadəyə tam yararlıdır.

"Məlum olduğu kimi, hər il Müdafiə Nazirliyi əsgərlərin ərzağı və geyimi ilə bağlı tender elan edir. Tenderin qalibi olmaq uğrunda mübarizə aparan ayrı-ayrı şirkətlər arasından ən yüksək və keyfiyyətli xidmət təklif edən bir şirkət qalib elan olunur. Lakin bu dəfə tenderin qalibi olmuş şirkətlərdən biri tenderin şərtlərini pozduğuna, yəni əsgərlər üçün nəzərdə tutulmayan ərzaq növünü ölkəyə gətirdiyinə görə Müdafiə Nazirliyi həmin şirkətin cərimələnməsi məsələsini qaldırıb. Bu məsələ ictimaiyyətə məqsədli şəkildə başqa formada təqdim olunub. Müdafiə Nazirliyi də gərginliyə son qoymaq üçün konservləşdirilmiş ət məhsulları ilə bağlı araşdırmalar aparıb və həmin məhsul əsgərlərin qida rasionundan çıxarılmayıb" - deyə İ.Verdiyev söyləyib.

Xəbər lenti

Xəbər lenti