...

Məzahir Pənahov: "Bəzi qüvvələr seçki ilə bağlı indidən özlərini sığortalamaq istəyirlər"

Siyasət Materials 4 May 2006 12:49 (UTC +04:00)

"Dünyanın heç bir ölkəsində seçkiqabağı proseslərdən hamı tam razı qala bilməz. Bu, təbii bir prosesdir". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərlə söhbətində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

O, təkrar parlament seçkisi günü "exit-poll"ların keçirilməsi barədə danışarkən qeyd edib ki, ötən il Azərbaycanda parlament seçkiləri ərəfəsində müxalifət qüvvələri də daxil olmaqla seçkidə iştirak edən bütün qüvvələr müstəqil sorğuların aparılmasına çağırışlar edirdilər: "Biz bunu təbii qəbul etdik və prezident də "exit-poll"ların keçirilməsinə dair sərəncam verdi. Bu sorğuların nəticələri MSK-nın rəsmi nəticələri ilə 83-90 faiz üst-üstə düşmüşdü. Nəticələr arasında müəyyən fərqlər var idi, lakin əksəriyyət nəticələr uyğun gəlmişdi. Bunun özü də onu göstərirdi ki, əksəriyyət seçicilərin səs verdiyi namizədlər qalib gəldi. Biz yenə də həmin mövqedəyik ki, kim istəyir, "exit-poll" keçirə bilər. Bizim bununla bağlı heç bir narahatçılığımız yoxdur".

Məzahir Pənahov seçki komissiyalarının tərkibi barədə müxalifət düşərgəsinin narazılığına münasibət bildirərkən deyib ki, MSK-nın tərkibi Milli Məclis tərəfindən formalaşdırılır. O, qeyd edib ki, Milli Məclisdə deputatların sayına görə çoxluq təşkil edən və azlıqda qalan partiyalar, eləcə də heç bir siyasi mənsibiyyəti olmayanlar var. Buna görə MSK da Milli Məclisin tərkibinə uyğun olaraq formalaşdırılır: "Nə qədər ki, Seçki Məcəlləsi mövcuddur, seçki komissiyaları da bu qanunverilicik əsasında formalaşdırılır". M.Pənahov həmçinin MSK-nın fəaliyyətində iqtidar-müxalifət anlayışlarının mövcud olmadığını da deyib. Seçkinin nəticələrinə dair bir sıra müxalifətçilərin mənfi proqnozlarına gəldikdə isə, MSK sədri bildirib ki, bu, onların özləri ilə bağlı narahatlıqlarından irəli gəlir: "Görünür, bəzi qüvvələr bununla indidən özlərini sığortalamaq istəyirlər. Mən isə hələ ki, bunun üçün elə bir əsas görmürəm".

Xəbər lenti

Xəbər lenti