Azərbaycan hökuməti və iqtidarı demokratik, şəffaf seçki iradəsini ortaya qoyub. Trend xəbər verir ki, bu barədə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Ə.Həsənov onu da vurğulayıb ki, bütövlükdə Azərabycanın ictimai-siyasi vəziyyəti, seçki prosesi Avropa Şurasının əksər üzvlərinin diqqət mərkəzindədir və onlar bu prosesləri normal qiymətləndirirlər: "Ancaq təəssüflər olsun ki, bəziləri öz fikirlərini Avropa Şurasının fikri kimi təkidlə həyata keçirmək istəyirlər. Təkrar seçkilərə lazımi səviyyədə hazırlığın aparılmasına baxmayaraq, bu prosesə kölgə salmağa cəhd edən qüvvələr də var".
Prezident Aparatının rəsmisi onu da bildirib ki, təkrar seçkilərin keçiriləcəyi 10 dairənin hamısında şəffaflığın təmin olunması ilə bağlı işlər görülüb. Seçkilərin keçirilməsi və nəticələrin hesablanması açıq şəkildə, insanların gözü qarşısında həyata keçiriləcək: "Bundan sonra seçkilərin nəticələri ilə bağlı kimin necə qiymət verməsi onların öz işləridir".