2006-cı ilin I rübündə Azərbaycanda inflyasiya 5,5%, yanvar-aprel ayları üzrə - 5,4% təşkil edib. Hökumət ehtimal edir ki, il ərzində birrəqəmli inflyasiyaya nail olunacaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, baş nazir Artur Rəsizadə jurnalistlərlə söhbətində bildirib.
Nazir büdcə gəlirləri artımının 30%-ə çatdığı zaman inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasını normal hal hesab edir. "Lakin bu, əhalinin aztəminatlı təbəqələrinə mənfi təsir göstərə bilər. Ona görə hökumət bu göstəricini birrəqəmli səviyyədə saxlamağa çalışacaq" - deyə o qeyd edib.
I rübün yekunları üzrə Nazirlər Kabinetinin keçirdiyi müşavirədə inflyasiya artımının obyektiv və subyektiv səbəblərindən söz açılıb. Obyektiv səbəblər qisminldə neft və sair məhsulların bahalaşması göstərilib. Baş nazirin sözlərinə görə, hazırda subyektiv səbəblər araşdırılır ki, bunlardan biri də külli məbləğdə vergidən yayınmadır. "Əvvəlcə də qeyd olunduğu kimi, belə faktlar istehsalatda deyil, ticarətdlə rast gəlinir" - deyə A.Rəsizadə bildirib.
"Kommunal sektorda vəsaitlərin yığım səviyyəsi aşağıdır ki, bu da ildə təxminən 600 mln. manat təşkil edir. Faktiki olaraq bu, bazara mənfi təsir göstərən subsidiyalardır" - deyə baş nazir əlavə edib.