Mayın 5-6-da Kil Beynəlxalq İqtisadiyyat İnstitutunda (The Kiel Institute for the World Economy) "Azərbaycan və Qazaxıstanın misalında zəngin ehtiyatlara malik ölkələrin siyasi-iqtisadi çığırışları" mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycan tərəfdən ictimai maliyyə monitorinq mərkəzinin rəhbəri İnqilab Əhmədov iştirak edib.
İ.Əhmədovun Trend ə verdiyi məlumata görə, görüş zamanı dövlətlə neft şirkətləri arasında rentaların bölüşdürülməsi, neft gəlirlərinin makroiqtisadi idarə olunması, Azərbaycan və Qazaxıstanın neft fondlarının fəaliyyəti müzakirə olunub.
BVF-nun mütəxəssislərinin, tədqiqat mərkəzlərinin politoloqlarının iştirakı ilə keçirilən konfransda İ.Əhmədov rentaların bölüşdürülməsi məsələləri ilə bağlı çıxış edib. Çıxışda "Azəri-Çıraq-Günəşli"nin timsalında PSA tipli müqavilələr məsələsinə xüsusi olaraq toxunulub.
"Görüş zamanı müxtəlif təşkilatların mütəxəssisləri və politoloqları Azərbaycanın neftdən gələn gəlirlərinin idarə olunmasının maraqlı, etimada layiq təcrübəsini etiraf ediblər", - deyə İ.Əhmədov bildirib.
Görüş neft gəlirləri, bu istiqamətdə iqtisadi və siyasi aspektlərə həsr olunmuş ikiillik layihə çərçivəsində mümkün olub. Görüşün nəticələri üzrə institut materialların toplusunu dərc etmək niyyətindədir.