...

DAK-ın birləşdirilməsi üçün tərəflər arasında danışıqlara başlanılıb

Siyasət Materials 22 May 2006 12:10 (UTC +04:00)

İki yerə bölünmüş Dünya Azərbaycanlıları Konqresinin (DAK) birləşdirilməsi ilə bağlı mayın 20-də ilk dəfə olaraq tərəflər arasında danışıqlar aparılıb. Bu barədə Trend ə Cavad Derəxtinin rəhbərlik etdiyi DAK-ın Məclisinin sədri Sabir Rüstəmxanlı məlumat verib.

O bildirib ki, DAK adı ilə fəaliyyət göstərən qarşı tərəf bu təşkilatdan ayrılmış bir qrup insandır. Lakin onların bu təşkilat adı altında fəaliyyət göstərmələri cəmiyyətdə də, beynəlxalq miqyasda da çaşqınlıq yaradlır. S.Rüstəmxanlı qeyd edib ki, birləşmək ideyası ilə bağlı dəfələrlə təşəbbüslər edilib, Dünya Azərbaycanlılarının II qurultayında da hər iki tərəfdən nümayəndələrin söhbətləri olub. Nəhayət, əvvəllər bir yerdə təmsil olunmuş, lakin 2003-cü ildən bəri ayrı-ayrı qurumlarda fəaliyyət göstərən DAK nümayəndələri internet vasitəsilə danışıqlara başlayıblar. Paltak danışıqlarında Cavad Derəxtinin sədri olduğu qurumdan Cabbar Səttaroğlu, Rza Sələhşur, Sabir Rüstəmxanlı, Rəhim Şahbazi, qarşı tərəfdən isə Məhəmmədrza Xeşti, Cavanşir Abdulla Əmir Haşimi, Mustafa Alınca, Xaqani Qayıblı və Teymur Eminbəyli iştirak ediblər.

S.Rüstəmxanlının sözlərinə görə, danışıqlar hələ davam etdirilir. Hələlik konkret nəticə əldə olunmadığını deyən DAK funksionerinin sözlərinə görə, bu danışıqların aparılması özü artıq bir irəliləyişdir.

Qeyd edək ki, 2003-cü ildə DAK-ın daxilində baş verən proseslərin nəticəsində bir qrup şəxs təşkilatdan ayrıldı və Məhəmməd Rza Xeştini sədr seçərək indiyədək də DAK adı ilə fəaliyyət göstərirlər.

Xəbər lenti

Xəbər lenti