...

Asəf Hacıyev: "Spiker Oqtya Əsədovun Ermənistan parlamentinin yeni sədrinə təbrik məktubu göndərməsi ilə bağlı yayılan məlumatlar ağ yalandır"

Siyasət Materials 9 İyun 2006 18:53 (UTC +04:00)
Asəf Hacıyev: "Spiker Oqtya Əsədovun Ermənistan parlamentinin yeni sədrinə təbrik məktubu göndərməsi ilə bağlı yayılan məlumatlar ağ yalandır"

Milli Məclisin spikeri Oqtay Əsədovun Ermənistan parlamentinin yeni sədri Tiqran Torosyana təbrik məktubu göndərməsi ilə bağlı Azərbaycan mətbuatında gedən məlumatların heç biri həqiqətə uyğun deyil. Trend xəbər verir ki, bu barədə Ermənistanda keçirilən Qara dəniz İqtisadi Əməkdaş Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) iclasında iştirak etmiş Milli Məclisin üzvləri Asəf Hacıyev və Musa Quliyev iyunun 9-da keçirdikləri mətbuat konfransında bildiriblər.

Qeyd edək ki, adıçəkilən təşkilatın Parlament Assambleyasının 27-ci plenar iclası iyunun 7-8-də Ermənistanın paytaxtı Yerevanda keçirilib.

Asəf Hacıyev bildirib ki, Azərbaycanın bəzi müxalifət mətbuatı erməni mənbələrinə istinadən QDİƏT PA-nın iclasında iştirak edən Azərbaycan nümayəndə heyəti üzvlərinin fikirlərini təhrif edilmiş formada veriblər: "Görünür, belə yazıları çap edən mətbuat ermənilərlə əməkdaşlıq edir. Biz Yerevanda Azərbaycanın milli maraqlarını müdafiə edən fikirlərdən çıxışlar etmişik". Millət vəkili onu da bildirib ki, bəzi erməni mətbuatı onların fikirlərini təhrif edilmiş formada veriblər. Azərbaycanın müxalifət mətbuatı isə bu fikirləri cəmiyyətə olduğu kimi çatdıraraq bizim nümayəndə heyətimizin guya Azərbaycanı həmin iclasda lazımi səviyyədə təmsil etmədiyini bildirib.

A.Hacıyev onu da vurğulayıb ki, adıçəkilən təşkialtın iclasında iştirak etməkdə məqsədləri olub: "Bu təşkilatın iclasları 6 aydan bir keçirilir. Yerevanda keçirilən 27-ci plenar iclasda növbəti 6 ay üçün sədrlik Azərbaycana keçməlidir. Bizim nümayəndə heyətimiz həmin iclasda iştirak edib sədrliyi qəbul etməliydi".

QDİƏT PA-nın iclasında iştirak edən digər millət vəkili Musa Quliyev isə bildirib ki, Milli Məclisin spikeri Oqtay Əsədovun T.Torosyanı Ermənistan parlamentinin sədri seçilməsi ilə bağlı təbrik məktubunun iclasda oxunması faktı da yalandır. Musa Quliyev onu da vurğulayıb ki, erməni deputatları onlara əməkdaşlıq təklifi veriblər: "Lakin biz onlara bildirdik ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarından əl çəkməyəcəyi təqdirdə Azərbaycan bu dövlətlə heç bir əməkdaşlıq etməyəcək. Erməni jurnalistləri bizə sual verdilər ki, əgər Dağlıq Qarabağ problemi sülh yolu ilə həll edilməzsə, Azərbaycan hansı yolu tutacaq. Biz hərb yolunu seçəcəyimizi bildirdik".

Xəbər lenti

Xəbər lenti