Müsavat Partiyası Məclisinin ilk iclası iyulun birinci yarısında olacaq. Bu barədə Trend ə Müsavat Partiyası sədrinin müavini Arif Hacılı bildirib.
A.Hacılı qeyd edib ki, iclasda Məclisin formalaşdırılması, sədrinin, Divan üzvlərinin seçilməsi və başqan müavinlərinin təsdiqlənməsi məsələləri müzakirə olunacaq. A.Hacılı bildirib ki, partiyanın nizamnaməsinə əsasən, Məclisin 170 üzvü olmalıdır. Onlardan132-i artıq seçilib, yerdə qalan 38 üzv isə Məclisin toplantılarında seçiləcək.
Partiyanın başqanı İsa Qəmbər isə özünə müavinlər müəyyənləşdirilməsi prosesinə hələ başlamayıb. A.Hacılı qeyd edib ki, başqanın müavinləri Məclis tərəfindən təsdiqlənədək indiki müavinlər öz səlahiyyətlərini yerinə yetirəcəklər. A.Hacılı onu da bildirib ki, hələ Məclis sədrliyinə namizədlər irəli sürülməyib: "Mənə elə gəlir ki, bu prosesə iyunun sonlarından başlanılacaq".