...

Zurab Noqaideli: "2008-ci ildə Gürcüstan BTC neft kəmərinin fəaliyyətindən təxminən 60 mln dollar gəlir əldə edəcək"

Siyasət Materials 20 İyun 2006 15:30 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaideli bəyan edib ki, bu il onun ölkəsi öz ərazisi ilə Xəzər regionundan 25 mln ton neft nəql edəcək. Bu barədə Trend Praym-Nyusa istinadən xəbər verir.

İyunun 20-də Z.Noqaidelinin jurnalistlərə bildirdiyi kimi, "bu neft 3 yolla - Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa boru kəmərləri, o cümlədən dəmir yolu ilə nəql ediləcək".

"İlin sonunda Cənubi-Qafqaz qaz kəməri də işə düşəcək və Gürcüstan, həmçinin, digər ölkələr alternativ yolla qaz almağa başlayacaq", - deyə o bəyan edib.

Baş nazir vurğulayıb ki, "BTC layihəsi təkcə Gürcüstan üçün deyil, həm də bütün Avropa üçün vacibdir".

"Gələn ildən BTC neft kəmərinə birinci mərhələdə ildə 5 mln ton neft nəql edəcək Qazaxıstan da qoşulacaq", - deyə Z.Noqaideli qeyd edib.

"2007-ci ildə neft kəməri gündə 1 mln barel neft nəql edəcək. Bu, dünya balansında çatışmayan həcmdir və neft kəməri qiymətlərin mühüm sabitləşdirici amili olacaq", - deyə Z.Noqaideli bildirib.

Onun sözlərinə görə, 2008-ci ildən Gürcüstan neft kəmərinin fəaliyyətindən büdcəyə ildə təxminən 60 mln dollar gəlir əldə edəcək.

Xəbər lenti

Xəbər lenti