Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin nümayəndə heyəti İstanbulda işgüzar səfərdədir. Dövlət strukturundan Trend ə verilən məlumata görə, komitənin sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə bu ölkənin Hərbi Topoqrafiya İdarəsi tərəfindən dəvət olunub.
Səfərdə məqsəd əlaqələrin Türkiyə və Azərbaycan arasında xəritəçəkmə sahəsində texniki və elmi əməkdaşlığa dair imzalanmış sazişə uyğun olaraq inkişaf etdirilməsindən ibarətdir. Səfər çərçivəsində dövlət peyk geodeziya şəbəkələrinin müasirləşdirilməsi istiqamətində görülən işlərin, qravimetriya sahəsinin genişləndirilməsi, peyk geodeziya texnologiyası əsasında topoqrafik xəritələrin tərtibi, informasiya-coğrafi sistemlərin yaradılması və digər məsələlərin müzakirəsi gözlənilir.
Səfər zamanı torpaq ehtiyatlarından istifadə və bunların qorunmasına dövlət nəzarəti üzrə əməkdaşlığın inkişafı və fikir mübadiləsinin aparılması ilə bağlı məsələlər də nəzərdən keçiriləcək.
Dövlət komitəsindən qeyd olunub ki, azərbaycanlı mütəxəssislərin səfəri iyunun 23-də başa çatacaq.