...

Abxazlar istisna olmaqla Gürcüstan müsəlmanları ölkənin ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər

Siyasət Materials 21 İyun 2006 13:07 (UTC +04:00)

Türkiyənin Ərzurum şəhərində keçirilən Gürcüstan müsəlmanlarının toplantısında iştirak edən müsəlman abxazlar toplantıda qəbul olunan bəyanatlara qoşulmaqdan imtina ediblər. Bu barədə Trend ə Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) analitik informasiya mərkəzinin rəhbəri Abbas Muradxanlı məlumat verib.

Onun bildirdiyinə görə, Gürcüstan müsəlmanlarının Ərzurumda keçirilən görüşü məşvrət xarakteri daşıyıb və tədbirdə Ahıska türklərinin, abxazların nümayəndələri, müsəlman osetinlər, azərbaycanlılar, kistlər (çeçenlər), inquşlar, acarlar, müsəlman gürcülər iştirak ediblər. Toplantıda Gürcüstan müsəlmanlarının vahid siyasi partiyasının yaradılması müzakirə olunub. GAMA-nın prezidenti Daşqın Gülməmmədov da selektor vasitəsilə tədbirə qoşulub və çıxışında Gürcüstanın ərazi bütövlüyünün, suverenliyinin qorunmasında bu ölkədə yaşayan bütün xalqların nümayəndələrinin birliyinin vacibliyini qeyd edib. O, xüsusilə vurğulayıb ki, Gürcüstanda yaşayan müsəlmanlar hər zaman Gürcüstanın dövlətçilik maraqlarının qorunmasına və möhkələnməsinə xidmət ediblər. Çünki milli mənsubiyyətindən asılı olmayaraq Gürcüstan onların vətəni, dövlətidir.

80 nəfər nümayəndənin iştirak etdiyi toplantının keçirilməsinə Türkiyənin dövlət orqanları heç bir maneçilik törətməyiblər. Toplantının sonunda Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnamə qəbul edilib. Həmçinin Gürcüstan müsəlmanları bu ölkənin suverenliyinin, dövlətçiliyinin qorunması ilə bağlı bəyannamə imzalayıb. Tədbir iştirakçıları olan müsəlman abxazlar hər iki sənədə səs verməkdən və imza atmaqdan imtina ediblər. Toplantıda iştirak edən 8 nəfər abxaz etiraz olaraq həmin tədbiri tərk ediblər.

Həmçinin görüşün yekunu kimi vahid siyasi partiyanın yaradılması təşəbbüsü ilə bağlı işçi qrupu yaradılıb. Qeyd edək ki, Gürcüstanda yaşayan müsəlman xalqların nümayəndələrinin görüşü GAMA-nın təşkilatçılığı ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti