...

Xəzər dənizində birgə xilasetmə işlərinin aparılması mövzusunda xüsusi taktiki təlim keçirilib

Siyasət Materials 28 İyun 2006 17:01 (UTC +04:00)

İyunun 28-də Xəzər dənizində birgə xilasetmə işlərinin aparılması mövzusunda xüsusi taktiki təlim keçirilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən keçirilən birgə təlimin mövzusu "Xəzər dənizinin Azərbaycana məxsus hissəsində sahilə, adalara, neft-qaz ixrac boru kəmərlərinə və neft platformalarına qarşı təhlükə yarandıqda həmin qurumların qarşılıqlı əlaqədə xidməti-döyüş hərəkətləri, Xəzər dənizində birgə xilasetmə işlərinin aparılması" olub.

Təlimin keçirilməsinin əsas məqsədləri Xəzər dənizində Azərbaycanın maraqlarının qorunması, Dövlət Sərhəd Xidmətinin hissə və bölmələrinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin və Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin birgə döyüş hazırlığının yoxlanılması, şəraitin gərginləşməsi halında xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən birləşmə, hissə və bölmələrin döyüş və hərəkət nizamının təkmilləşdirilməsindən ibarət olub.

Taktiki təlim zamanı qarşıya qoyulan vəzifələr tam həcmdə yerinə yetirilib. Təlimə cəlb edilmiş hissə və bölmələr, eləcə də bütün şəxsi heyət verilmiş tapşırıqların öhdəsindən məharətlə gəliblər.

Təlimləri baş nazirin birinci müavini Yaqub Eyyubov, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev, prezidentin köməkçisi general-leytenant Vahid Əliyev, Daxili Qoşunların komandanı general-leytenant Zakir Həsənov, Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanov, həmçinin Gürcüstan və Ukrayna sərhəd xidmətlərinin nümayəndələri müşahidə edib.

Xəbər lenti

Xəbər lenti