Müğənni Lalə Məmmədova iyulun 16-da Türkiyənin İstanbul şəhərində solo konsert verəcək. Bu barədə Trend ə müğənni özü məlumat verib.
O bildirib ki, iyulun 11-də Türkiyəyə yola düşəcək. İstanbula 4 gün əvvəldən getməkdə məqsəd konsertə hazırlıq işlərində və təbliğat kampaniyasında iştirak etməkdir. Lalə Məmmədovanın bu konserti Türkiyənin tanınmış sənətçisi, xalq musiqisi ustası Müslüm Gursəslə birgə olacaq. Tədbirin proqramına görə, ilk bir saatı Müslüm Gursəs konsert verəcək. Sonra bir saat ərzində Lalə Məmmədovanın çıxışı olacaq. Sonda L.Məmmədova ilə M.Gursəsin yarım saatlıq duet konserti olacaq. Sənətçilər Azərbaycan və türk mahnılarını birgə ifa edəcəklər.
Lalə Məmmədovanın sözlərinə görə, konsert İstanbulun məşhur "Yedi kule" adlanan tarixi-mədəni abidə kompleksində olacaq. 20 min nəfərlik kompleksdə keçiriləcək konsertin biletləri hazırda satışdadır və Türkiyənin bir televiziya kanalı, 7 radiosu ilə konsertin reklamları yayımlanır. Konsertdən əvvəl Lalə Məmmədovanın Türkiyənin telekanallarına dəvət olunması, proqramlarda
çıxışı da gözlənilir.
Müğənni onu da qeyd edib ki, bu konsert iki qardaş ölkənin birgə dostluq konsertidir. L.Məmmədova onu da əlavə edib ki, özünün ilk solo konsertini məhz Türkiyədə verir: "Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının nümunələri həm də mədəni tədbirlərdə özünü göstərir. Türkiyə sənətçiləri hər zaman gəlib Bakıda konsertlər verirlər. Bizim müğənnilər də Türkiyədə. Mənim Müslüm Gursəslə birgə konsertim də Azərbaycan-Türkiyə dostluğuna ithaf olunan bir konsertdir. Konsert üçün Türkiyəni seçməkdə də hər hansı başqa məqsədim yoxdur. Bu proqramın məqsədi yalnız Azərbaycan müsiqisini təbliğ etmək, ölkələrimiz arasında dostluğu, milli-mədəni bağlılığı bir daha tərənnüm etməkdir. Müslüm Gursəs kimi sənətçi ilə birgə oxumaq da mənim üçün fəxrdir"-deyə L.Məmmədova vurğulayıb.
Sənətçi qeyd edib ki, özünün solo çıxışının repertuarına Azərbaycanın xalq və bəstəkar mahnılarını, retro musiqilərini daxil edib. L.Məmmədovanın sözlərinə görə, konsertin təşkilatçıları onun disklərini dinləyib və xalq mahnılarımızı çox bəyəniblər. Konsertdə müğənnilər yalnız canlı ifa edəcəklər. İstanbul konsertində Lalə Məmmədovanı istedadlı musiqiçi Vüqar Camalzadənin rəhbərlik etdiyi ansambl müşaiyət edəcək. Xanım sənətçi atıq bir neçə gündürki, ansamblla məşqlər aparır.
Lalə Məmmədova bildirib ki, konsertinin uğurlu keçməsi onun üçün qarşıda yeni perspektivlər aça bilər. Bundan sonra növbəti konsertlər təşkil olunması, yeni təkliflər alması da gözlənilir: "Ən əsası isə odur ki, bizim dostluq konsertimiz Azərbycan-Türkiyə mədəni birliyinə, onun təbliğinə xidmət etsin və bu işlər davamlı olsun".