...

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 12-də Türkiyənin İstanbul şəhərinə gəlib

Siyasət Materials 12 İyul 2006 15:21 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 12-də Türkiyənin İstanbul şəhərinə gəlib. Trend xəbər verir ki, Azərbaycan prezidentini Atatürk adına beynəlxalq hava limanında Türkiyənin dövlət naziri Məhəmmədəli Şahin, İstanbul Böyük Şəhər bələdiyyəsinin başqanı Qədir Topbaş, İstanbul valisi Məhəmməd Gülər və digər rəsmi şəxslər qarşılayıb.

Prezident İlham Əliyev iyulun 12-də İstanbulun Sarıyer rayonunda ümummilli lider Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirak edəcək. Həmin gün dövlətimizin başçısına Türkiyədə nəşr olunan və Avrasiya regionunda geniş yayılan "Ekovitrin" jurnalının təsis etdiyi "Avrasiyada ilin siyasət adamı - Prezidenti" mükafatı təqdim olunacaq.

İstanbulda Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Əhməd Necdət Sezər, Gürcüstan prezidenti Mixail Saakaşvili və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə təkbətək, habelə Gürcüstan prezidenti və Türkiyənin Baş naziri ilə birgə görüşləri olacaq.

İyulun 12-də "Çırağan" sarayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılışı münasibətilə Türkiyə prezidenti adından rəsmi ziyafət veriləcək.

Azərbaycan prezidenti İlham Əliyev və ölkəmizin nümayəndə heyəti iyulun 13-də Adana şəhərinə yola düşəcək və Ceyhan terminalında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimində iştirak edəcək.

Dövlətimizin başçısı Ceyhan şəhərində salınmış Heydər Əliyev parkı ilə də tanış olacaq.

Xəbər lenti

Xəbər lenti