...

BTC – bölgənin sabitlik və inkişafı üçün strateji layihədir

Siyasət Materials 13 İyul 2006 16:34 (UTC +04:00)
BTC – bölgənin sabitlik və  inkişafı üçün strateji layihədir

Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsi bölgənin sabitlik və inkişafı üçün strateji və mühüm layihədir. Trend in Türkiyədəki xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi münasibətilə Türkiyənin Ceyhan limanındakı təntənəli mərasimdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, neft kəmərindən fasiləsiz və təhlükəsiz istismar şəraitində istifadə imkanını, istehsalçı və istehlakçılar arasında əlaqəni nəzərə alaraq, neft kəməri həm bölgə, həm də dünya üçün mühüm əhəmiyyət kəsb edir. R.T.Ərdoğan hesab edir ki, BTC bölgənin ölkə və xalqları arasında dostluq dəhlizi olacaq.

Baş nazir xatırladıb ki, 2006-cı ilin sonunda Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istismara veriləcək və bu, Azərbaycanın "Şahdəniz" yatağındakı qazı dünya istehlakçılarına çatdırmağa imkan verəcək. O güman edir ki, bu boru kəməri Qazaxıstan və Türkmənistan qazının nəqli üçün şərait yaradır. R.T.Ərdoğan Kirkuk və Ceyhan vasitəsilə İraq neftinin nəql edilməsi, Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin tikintisi üzrə layihənin reallaşma planları barədə də məlumat verib. O, həmçinin Qars-Tbilisi-Bakı dəmir yolu xəttinin tikinti layihəsini də xüsusi olaraq qeyd edib. Bu, Türkiyəni həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya bölgəsi ilə əlaqələndirməyə imkan verəcək.

Türkiyənin baş naziri bildirib ki, BTC layihəsinin həyata keçməsi Türkiyənin Bosfor və Dardanel körfəzlərinin yüklənməsini azaldacaq.

Xəbər lenti

Xəbər lenti