Dünyanın iri İT şirkətləri, xüsusilə, HP, İntel, Cisco Systems və Microsoft Azərbaycanın İT sahəsinə investisiya qoymaqda maraqlıdır. Bu barədə, Trend agentliyinin yaydığı məlumata əsasən, iyulun 24-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, bu fakt Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri çərçivəsində növbəti dəfə təsdiqlənib.
"Bu şirkətləri daha çox yüksək texnologiyaların inkişafı üzrə azad iqtisadi zonanın yaradılması layihəsi maraqlandırır. Bunlar qanunverici bazanın və müvafiq biznes şəraitin yaradılmasını gözləyir" - deyə nazir vurğulayıb.
Ə.Abbasov qeyd edib ki, layihə 5 əsas komponenti - Azərbaycanda elektron məhsulun istehsal və ixracı, tranzit informasiya məkanı, informasiya infrastrukturu və insan ehtiyatlarının yaradılmasını nəzərdə ttutur.
2006-cı ilin sonunda Azərbaycanda xüsusi zonanın yaradılması istiqamətində konkret işə başlanacaq.