Avqustun 16-da Koreya nümayəndələri Azərbaycanda yeni gəmiqayırma və gəmi təmiri müəssisənin yaradılması üzrə danışıqların keçirilməsi üçün Bakıya gələcək. Bu barədə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov xəbər verib. Bu məsələ üzrə həmçinin Türkiyə, İtaliya və digər ölkələrin nümayəndələri ilə də danışıqların keçiriləcəyi ehtimal olunur.
Hazırda gəmiçilik bu müəssisənin yerləşə biləcəyi yerləri öyrənir. Bundan sonra üç yer seçiləcək və onlar təsdiq edilmək üçün hökümətə veriləcək. İlkin qiymətləndirmələrə görə, bu müəssisə Qaradağda, Zığda və ya başqa yerdə ola bilər. Onun yaradılması üçün ən azı 20 ha ərazi lazımdır.
Bu, ən müasir müəssisə olacaq. Orada Azərbaycan üçün gərəkli olan bütün gəmi növlərinin - quru mal daşıyan gəmilərin, tankerlərin, yaxtaların, sərnişin gəmilərinin inşasının həyata keçirilməsi nəzərdə tutulub. Hərbi gəmilərin tikilmə ehtimalı istisna edilmir.
Müəssisənin respublikada olan dörd gəmiqayırma zavodunun bazasında yaradılması güman edilir. Bu gün bu müəssisələr Bakı buxtasındadır, lakin yaxın zamanlarda buxtada yerləşən bütün sənaye müəssisələrinin Bakıdan kənara çıxarılması haqqında qərarın çıxarılacağı gözlənilir.