"İrəli" Ümümrespublika Gənclər Hərakətının bir illiyi münasibəti ilə avqustun 26-da "Park-İnn" otelində "Gənclərin Vətəndaş Cəmiyyəti quruculuğunda rolu" mövzusunda elmi-praktik konfrans keçirilib. Trend in məlumatına görə, tədbirdə Prezident Aparatının, nazirliklərin və digər dövlət qurumlarının, parlamentin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
"İrəli" Ümümrespublika Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı təşkilatın yaranma zərurəti, fəaliyyət istiqamətləri, bir il ərzindlə görülən işlər barədə danışıb. Konfransa qatılan təhsil naziri Misir Mərdanov bu günkü gənclərin fəallığından, cəmiyyətin həyatında oynadığı roldan, təhsildə və digər sahələrdə qazandığı uğurlardan danışıb. Nazir bir yaşını qeyd edən hərəkatın uğurlarından da söz açıb.
Prezidentin İcra Aparatının sektor müdiri Tahir Süleymanov gəncəliyin inkişafı üçün dövlət tərəfindən yaradılan imkanlardan danışıb. O, ölkədə keçirilən seçkilərdə gənclərin də fəal iştirak etdiyini, əvvəlki illərlə müqayisədə indi parlamentdə, məsul dövlət vəzifələrində gənclərin daha çox təmsil olunduğunu deyib. Sektor müdiri əlavə edib ki, Azərbaycan qanunvericiliyi 35 yaşa qədər gənc nəslin istənilən dövlət vəzifəsində, ən yüksək postlarda, seçkili və təyinatlı vəzifələrdə çalışmasına imkan yaradır. Prezident Aparatı nümayəndəsi gənclərə dövlət qayğısından danışarkən ölkə başçısı tərəfindən verilən çoxsaylı sərəncam və fərmanlar, gənclər forumlarının, onlarala görüşlərin keçirilməsini xatırladıb.
Millət vəkilləri Əkrəm Abdullayev, Hadı Rəcəbli, Zahid Oruc da gənclərin ictimai, siyasi fəallığını, ölkənin müxtəlif sahələrində təmsil olunmalarını, ayrı-ayrı təşkilatlarda birləşməsini yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra "İrəli" Ümümrespublika Gənclər Hərəkətına dəstək verən, bir il ərzində təşkilatla əməkdaşlıq edən bir sıra dövlət orqanları və KİV-lər - Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ekologiya və Təbii Sərvətlər nazirliyi, bir neçə icra hakimiyyəti, bir neçə millət vəkili, televiziya və radiolar, informasiya agentliyi və qəzetlər diplomla təltif edilib. Trend İnformasiya Agentliyi də "Bir il bizimlə" diplomuna layiq görülüb.