...

Misir Mərdanov: "Ali məktəblərə qəbul imtahanlarının nəticələrinin elmi araşdırmasını aparmaq lazımdır "

Siyasət Materials 26 Avqust 2006 14:00 (UTC +04:00)
Misir Mərdanov: "Ali məktəblərə qəbul imtahanlarının nəticələrinin elmi araşdırmasını aparmaq lazımdır "

Sentyabrın 15-də yeni dərs ilinin başlanması ilə əlaqədar ölkənin təhsil sistemində hazırlıq işləri görülür. Trend in məlumatına görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov açıqlama verib. Bildirib ki, bir neçə istiqamətdə - məktəblərin tikintisi, təmiri, avadanlıqlarla təchiz olunması, kompüterləşməsi, yerlərə müəllim kadrların təyiniı, məktəblərin vaxtında dərs vəsaitləri ilə təminatı və digər sahələrdə hazırlaq işləri gedir.

Mirsir Mərdanov bu il ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə də münasibət bildirib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 0-100 arasında bal toplayan abituriyentlərin 37 faiz təşkil etməsinə dair məlumatına münasibət bildirən nazir deyib ki, bu, çox ciddi problemdir. Amma M.Mərdanov hesab edir ki, qəbul prosesi tam başa çatdıqdan sonra bu nəticələrin elmi araşdırması aparılmalı, TQDK ilə birgə müzakirələr keçirilməlidir. Yalnız bundan sonra nəticələri, abituriyentlərin bilik səviyyəsini əsaslı şəkildə qiymətləndirmək olar: "Mənə də təəccüblü gəlir ki, son 4 ildə 600-dən çox bal toplayanların sayında xeyli artım var. Ancaq bunu mütləq qaydada təhsilin keyfiyyətinin artması ilə əlaqələndirmək olmaz. Uzun müddət təhsil sahəsində çalışan bir adam kimi deyə bilərəm ki, ümumiyyətlə, təhsil sistemində bir il ərzində çox böyük dəyişikliklər gözləmək mümkün deyil. Hələlik təhsilin səviyyəsinin çox aşağı düşməsini, yaxud da çox inkişaf etdiyini söyləmək çətindir. Ona görə də hesab edirəm ki, ali məktəblərə qəbul imtahanlarının nəticələrinin geniş, hərtərəfli ictimai müzakirələrini keçirmək lazımdır"-deyə təhsil naziri qeyd edib.

Təhsil naziri uşaq bağçalarının özəlləşdirilməsi məsələsinə də toxunaraq bu günlərdə prezident İlham Əliyevin bununla bağlı sərəncam verdiyini deyib. Nazirin sözlərinə görə, sərəncamda özəlləşdirilən bağçaların profilinin dəyişməməsi, yəni, bağça kimi fəaliyyət göstərməsi əsas şərt kimi əksini tapıb. M.Mərdanov əlavə edib ki, Azərbaycanda cəmi 14 faiz bağçalar özəlləşdirilib, onların da demək olar ki, böyük əksəriyyəti işləməyən bağçalardır: " Mən inanıram ki, əgər bu sərəncamın həyata keçirilməsi üçün səmərəi mexanizm hazırlansa, bu, işimizin xeyrinə olacaq".

Xəbər lenti

Xəbər lenti