Müxalifət olan Müsavat Partiyasının Bərdə rayon təşkilatının 6 özəyi (Xan-Ağalı, Qaradəmirçi-1, Qaradəmirçi-2, Qurtlar, Məşədibişli, Türkmən kənd özəkləri) olmaqla 74 nəfər fərdi şəkildə partiya sıralarını tərk edərək Azərbaycan Yolu Siyasi Hərəkatına (AYSH) keçdikləri barədə qərar qəbul edib. Bu barədə Trend ə AYSH mətbuat xidmətindən bildiriblər.
Müsavat Partiyasından istefa verənlərin imzaladıqları bəyanatda bildirilir: "Biz Müsavat Partiyasını seçərkən düşünürdük ki, bu partiya hər zaman öz şərəfli tarixinə və böyük öndərimiz M. Ə. Rəsulzadənin yoluna sadiq qalacaq. Lakin təəssüflər olsun ki, partiya nəinki qarşısına qoyduğu tarixi missiyanı, hətta ən kiçik hədəflərə belə çata bilmədi. Əvəzində isə ömürlərinin böyük bir hissəsini mücadiləyə, partiya quruculuğuna həsr etmiş minlərlə insanın hissiyatı ilə oynanıldı. Artıq partiya bir neçə nəfərin şəxsi obyektinə çevrilib. Bütün bunlarla yanaşı partiya rəhbərliyində təmsil olunanların bir-birinə qarşı mübarizə aparmaları böyük və şərəfli yol gəlmiş partiyaınn ümummilli hədəflərdən yayınmasına səbəb olub. Ona görə də öz iradəmizlə indiyədək sıralarında olduğumuz Müsavat partiyasını tərk etməyə qərar verdik".
Bəyanat müəllifləri bundan sonrakı siyasi fəaliyyətlərini AYSH-nın sıralarında davam etdirəcəklərini qeyd edərək AYSH-nın Qarabağ Bölgəsi Üzrə Regional Mərkəzinin fəaliyyətinin gücləndirilməsində çalışacaqlarını bildiriblər.
Bir həftə bundan öncə Azərbaycan Yolu Siyasi Hərəkatının Bərdə rayonu üzrə təşəbbüs qrupu yaradılıb. Bəyanatı imzalayan 74 nəfər də təşəbbüs qrupuna üzv qəbul olunublar. Təşəbbüs qrupunun rəhbəri isə Müsavat partiyasının Bərdə rayon təşkilatının sabiq sədri, keçmiş batalyon komandiri, ehtiyatda olan zabit Gəray Əsədov seçilib.
Qeyd edək ki, ədliyyə general-leytenantı olan İlqar Qasımovun liderlik etdiyi AYSH-də 5 siyasi partiya və 50-dək QHT təmsil olunur.