Sentyabrın 15-də müxalifətçi Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə paytaxtın Gəncədən Bakıya köçürüldüyü günün ildönümü qeyd edir. Trend in məlumatına görə, bu münasibətlə əvvəlcə Bakıda Şəhidlər Xiyabanı ziyarət olunub.
Qeyd edək ki, Şərqdə ilk müstəqil Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsinə dair 1918-ci il sentyabrın 15-də qərar çıxarılıb. Həmçinin həmin dövrdə azərbycanlılara qarşı soyqırımlar törədilən zaman şanlı türk ordusunun Azərbaycana gələrək daşnak-bolşevik qruplaşmalarına qarşı mübarizə aparması və Bakını işğaldan azad etməsi ilə də tarixə düşüb.
Sentyabrın 15-də paytaxtın Bakıya köçürülməsi, həmçinin türk ordusunun Bakını və digər əraziləri işğalçılardan azad etməsinin 88-ci ildönümü münasibəti ilə KXCP fəalları Şəhidlər Xiyabanında şəhidlərin və türk əsgərinin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyublar. Azərbaycan və türk şəhidlərinin xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.
Ziyarətdən sonra bu gün KXCP-nin qərargahında dəyirma masa keçirilməsi də nəzərdə tutulub. Həmçinin KXCP-nin Qobustan və Şamaxı rayon təşkilatlarına tapşırıqlar verilib ki, Şamaxı yolunda dəfn olunmuş türk ordusunun zabiti Qədir Əfəndinin məzarı ziyarət olunsun və onun məzarı önündə anım tədbiri keçirilsin.