ATƏT-in Bakı ofisi Azərbaycanda mitinq və piketlərin keçirilməsi zamanı öz vəzifə funksiyalarını yerinə yetirən Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları üçün treninqlər keçirməkdə davam edir. Bu barədə ATƏT-in Bakı ofisinin direktor müavini Robin Kivord bəyan edib.
O qeyd edib ki, Azərbaycan hökuməti Avropa Şurasının dəstəyi və alman ekspertlərinin iştirakı ilə ölkənin hüquq-mühafizə orqanları əməkdaşları üçün treninqlər keçirir. "Azərbaycvan hökuməti və beynəlxalq təşkilatların "Azərbaycanda sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təkmilləşdirilməsi ilə məşğul olması ilə yanaşı, mitinq və piketlərə nəzarət edən hüquq-mühafizə orqanları əməkdaşlarının hazırlığı da vacibdir. Bu treninqlər ilk növbədə DİN və DQ əməkdaşları üçün nəzərdə tutulub və həm nəzəri, həm də təcrübi xarakter daşıyır", - deyə R.Kivord əlavə edib.