Oktyabrın 13-14-də Venesiya Komissiyasının 68-ci plenar sessiyası keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə Venesiya Komissiyasının məlumatında bildirilir.
Qeyd edək ki, Venesiya Komissiyasının növbəti sessiyasında "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası qanununun təkmilləşdirilməsi məsələsinin müzakirəsi gözlənilir. Bu qərar sentyabrın 19-da Bakıda Azərbaycan hökuməti üzvlərinin, ATƏT və Venesiya Komissiyasının ekspertlərinin iştirakı ilə keçirilmiş konfransda qəbul olunub. Tədbirdə "Sərbəst toplaşmaq azadlığı haqqında" mövcud Azərbaycan qanununun icra olunması mexanizmləri müzakirə olunub.
Konfransda həmçinin Azərbaycan hökuməti, ATƏT-in Bakı ofisinin nümayəndələri və Venesiya Komissiyasının ekspertlərindən ibarət işçi qrupunun yaradılması haqqında qərar qəbul olunub. Venesiya Komissiyasının növbəti iclasından sonra fəaliyətə başlayacaq bu işçi qrupu adıçəkilən Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi üzrə öz təkliflərini hazırlayacaq.
Xatırladaq ki, Venesiya Komissiyasının ötən, 67-ci sessiyası 2006-cı ilin iyunun 9-10-da baş tutub. Sessiyada Ermənistanda, Gürcüstanda və Makedoniyada seçki qanunvericiliyinin vəziyyətinə dair Venesiya Komissiyası və ATƏT-in birgə bəyanatı dinlənilib.
Venesiya Komissiyasının 69-cu sessiyası dekabrın 15-16-da keçiriləcək.