...

Səfir: Azərbaycan, Ermənistan və Gürcüstanda itkin düşənlərin məsələsi AŞPA-nın gündəliyinə çıxarıla bilər

Siyasət Materials 2 Oktyabr 2006 15:41 (UTC +04:00)
Səfir: Azərbaycan, Ermənistan və Gürcüstanda  itkin düşənlərin məsələsi AŞPA-nın gündəliyinə çıxarıla bilər

Bu gün AŞ-ın Parlament Assambleyasının payız sessiyası öz işinə başlayır. Azərbaycanın Avropa Şurasındakı səfiri Aqşin Mehdiyevin Trend ə verdiyi xəbərə görə, toplantı Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

Sessiyasını AŞPA prezidenti Pene van der Linden açacaq. Sonra isə Assambleyanın vitse-prezidentinin seçilməsi, Komitələrin tərkibində dəyişikliklərin edilməsi, bəzi məsələlər üzrə debatların keçirilməsi planlaşdırılır. Həmçinin Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovun çıxışı gözlənilir.

Səfir bildirib ki, sessiyanın ikinci gününün prioriteti Balkanlardakı vəziyyət olacaq. Bu mövzu üzrə Albaniyanın baş naziri Sali Berişa, Xorvatiyanın baş naziri İv Sanader və Serbiya prezidenti Boris Tadiç çıxış edəcək. Nahardan sonra Balkanlardakı vəziyyətlə bağlı diskussiyalar davam etdiriləcək. Həmin günün ikinci məsələsi Kosovodakı vəziyyət olacaq. A.Mehdiyev hesab edir ki, bu məsələ Azərbaycan tərəfi üçün kifayət qədər maraqlıdır.

Oktyabrın 4-də sessiyada Macarıstanın baş naziri Ferents Dyurçan çıxış edəcək. Rusiyanın XİN başçısı Sergey Lavrovun çıxışı gözlənilir. Elə həmin gün kürdlərin məsələsinə toxunulacaq. Bu mövzu üzrə lord Rassel Conson çıxış edəcək.

Səfir qeyd edib ki, oktyabrın 5-də AŞPA-nın Cənubi Qafqazda əsir və itkin düşmüşlər üzrə məruzəçisi Leo Platvoyetin bəyanatının müzakirəyə çıxarılacağı ehtimal olunur.

Qeyd edək ki, Leo Platvoyetin Dağlıq Qarabağ və Abxaziyaya səfərindən sonra o, bəyanat verib və bu bəyanata əsasən Azərbaycan, Ermənistan və Gürcüstanda itkin düşmüşlər üzrə işdə irəliləyişə nail olmaq olar. O belə bir fikrə gəlib ki, maraqlı tərəflər bu məsələ ilə siyasi deyil, humanitar nöqteyi-nəzərdən məşğul olmaq istəyirlər.

Oktyabrın 5-də həmçinin məcburi köçürülmə və etnik təmizlənmə qurbanları mərkəzi yaradılacaq. Sessiya oktyabrın 6-da bağlanacaq.

Xəbər lenti

Xəbər lenti