Azərbaycanın xarici işlər naziri Elmar Məmmmədyarov Ermənistan XİN başçısı Vardan Oskanyanla Moskvada görüşməyə hazırdır. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat katibi Mətin Mirzə məlumat verib.
XİN başçılarının görüşü oktyabrın 6-na planlaşdırılıb. Bu tarix ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təklif olunub. Ermənistan XİN başçısı da görüşün keçirilməsinə razılıq verib. Bu barədə MQ-nin rusiyalı həmsədri Yuri Merzlyakov həmsədrlərin İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu görüşdən müəyyən müddət, təxminən 10 gün keçdikdən sonra nazirlərin daha bir görüşünün keçirilməsi istisna olunmur. Öz növbəsində, MQ-nin fransalı həmsədri Bernar Fasye Azərbaycan və Ermənistan prezidentlərinin yaxın gələcəkdə görüşmələrinin mümkünlüyü barədə bəyan edib.
Xatırladaq ki, oktyabrın 2-də həmsədrlər Bakıya gəlib və daha sonra İrəvana yola düşüb. Onlar İrəvandan Dağlıq Qarabağa getməyi planlaşdırır.