...

Ümid Partiyası AMİP-lə əməkdaşlıq barədə saziş imzalayacaq

Siyasət Materials 11 Oktyabr 2006 12:41 (UTC +04:00)

Müxalifətin birliyinə nail olmaq üçün müəyyən addımlar atılmaqdadır. Trend xəbər verir ki, bu barədə müxalif Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Millət vəkili qeyd edib ki, bu birlik ən azı iqtidar üzərində ictimai nəzarəti bərpa etmək və Azərbaycanda sosial-iqtisadi vəziyyət, Dağlıq Qarabağ problemi ilə bağlı məsələləri ümumi məxrəcə gətirmək üçün vacibdir.

İ.Ağazadə onu da bildirib ki, Ümid Partiyası AMİP-lə əməkdaşlıq sazişi bağlamaq ərəfəsindədir. Millət vəkili parlamentdə də müxalifətin birliyinə nail olmaq istiqamətində danışıqlar aparılacağını bildirib: "Çalışacağıq ki, Müsavat deputat qrupu və parlamentdə təmsil olunan digər müxalifət nümayəndələri ilə də bəzi məsələlərdə ortaq məxrəcə gələk".

İ.Ağazadə Ümid Partiyasının təmsil olunduğu Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin (MSƏM) dağılması ilə bağlı gedən söhbətlərə də aydınlıq gətirib. Bildirib ki, MSƏM Sədrlər Şurası toplantılarını keçirməkdə davam edir: "Oktyabrın 11-də növbəti toplantımızı Ümid Partiyasının qərargahında keçirəcəyik".

İ.Ağazadənin sədri olduğu Vətəndaş Birliyi Partiyası 2002-ci ildə Ümid Partiyası ilə birləşib. Həmin ilin dekabrında keçirilən qurultayda İ.Ağazadə partiyanın sədri seçilib. Ümid Partiyası 1993-cü ildə Ədliyyə Nazirliyində qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti