...

Azərbaycan prezidentinin sərəncamı ilə "Avtomobil yolları" büdcə fondu yaradılıb

Siyasət Materials 13 Oktyabr 2006 16:55 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası dövlət büdcəsində "Avtomobil yolları" büdcə fondunun yaradılması haqqında sərəncam verib. Trend in xəbər verdiyi kimi, sərəncamda qeyd olunur ki, Azərbaycanın sosial-iqtisadi inkişafının təmini, regionlarda sahibkarlığın genişləndirilməsi və əhalinin rifahının yaxşılaşdırılması üçün müasir yolların inşası zəruridir.

Son illər dövlət büdcəsi vəsaitləri, eləcə də cəlb olunmuş kreditlər hesabına mövcud yolların bərpası və yeni avtomobil yollarının inşası üzrə böyük işlər görülüb. Bu sahədə həyata keçirilən işləri sürətləndirmək, avtomobil yolları şəbəkəsindən effektiv istifadə etmək və onları qane edəcək vəziyyətdə saxlamaq üçün dövlət büdcəsində "Avtomobil yolları" büdcə fondu yaradılıb.

Bu fondun formalaşdırılması avtonəqliyyat vasitələri sahibləri və yük və sərnişin daşımaları üçün avtonəqliyyat vasitələrindən istifadə edən istifadəçilərin ödədikləri yol vergisi və sadələşdirilmiş vergi, idxal olunan avtomobillər üçün tətbiq edilən aksizlər, idxal olunan avtomobillər üçün tətbiq edilən vergi rüsumları, Azərbaycan ərazisi ilə beynəlxalq daşınmalar həyata keçirmək üçün icazələrdən tutulan dövlət rüsumları, avtonəqliyyata, o cümlədən motonəqliyyat vasitələrinə, qoşqu və yarıqoşqulara illik texniki baxış zamanı tutulan dövlət rüsumları kimi büdcə maddələri hesabına həyata keçiriləcək.

Büdcənin xərclər hissəsində bu vəsaitlərin sərəncamçısı qismində Azərbaycan Nəqliyyat Nazirliyi göstəriləcək. Respublikanın Nazirlər Kabinetinə15 gün ərzində respublika və yerli əhəmiyyətli yolların saxlanılması və istismarı üçün xərclərin istifadə qaydasının hazırlanması və Azərbaycan prezidenti ilə razılaşdırılması tapşırılıb.

Sərəncam 2007-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Xəbər lenti

Xəbər lenti