...

ATƏT-in ekspert qrupu: Dağlıq Qarabağda yanğınlar xeyli ziyan vurub

Siyasət Materials 14 Oktyabr 2006 14:17 (UTC +04:00)
ATƏT-in ekspert qrupu: Dağlıq Qarabağda yanğınlar xeyli ziyan vurub

ATƏT-in rəhbərlik etdiyi, beynəlxalq və yerli ekspertlərdən ibarət qrup Dağlıq Qarabağ və ətraf ərazilərdəki yanğınların qarşısının alınması və söndürülməsi üçün geniş əməkdaşlığa çağırıb. Trend in ATƏT-in məlumatına istinadən xəbər verdiyi kimi, belə bəyanatla ekspert qrupu 10 günlük missiyadan sonra çıxış edib. Qeyd edək ki, missiyada məqsəd yanğınların bölgəyə vurduğu ekoloji ziyanın qiymətləndirilməsindən ibarət olub.

"Yanğınlar böyük ərazini əhatə edib və xeyli ziyan vurub", - deyə ATƏT-in iqtisadi fəaliyyət və ətraf mühit sahəsində fəaliyyət üzrə əlaqələndiricisi, eyni zamanda ətraf mühitin qiymətləndirilməsi üzrə missiyaya rəhbərlik edən Bernard Snua bildirib.

"Hökumət orqanları yanğınlarla mübarizədə mövcud vasitələrdən istifadə edib. Gələcəkdə yanğınların qarşısının alınması və söndürülməsi məqsədilə regional və beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirləri gücləndirmək lazımdır" - deyə Bernar əlavə edib.

Missiya yanğından zərər çəkmiş əraziləri öyrənərək qiymətləndirib və hər iki tərəfin təmas xəttinin hökumət orqanları ilə görüşüb.

Missiya hesabat hazırlayır. Hesabatda ətraf mühit sahəsində tədbirlərin görülməsi haqqında tövsiyələr və BMT BA-nın 7 sentyabr 2006-cı ildə qəbul etdiyi qətnamədə nəzərdə tutulduğu kimi, etimadın yaradılması üzrə digər tədbirlər daxil ediləcək.

Noyabrda missiyanın hesabatı ATƏT-in fəaliyyətdə olan sədrininin müzakirəsinə veriləcək. BMT BA ATƏT-in fəaliyyətdə olan sədrindən 30 aprel 2007-ci ilədək BA-nın üzv ölkələrini məruzə ilə təmin etməyi xahiş edib.

Missiyaya yanğınların monitorinqi üzrə Ümumdünya Mərkəzi, BMT-nin ətraf mühit üzrə proqramı, Avropa Komissiyası, ABı, Avropa Şurası eskpertləri və yerli ekspertləri daxil idi. Missiyada həm də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisindən rəsmi şəxslər də iştirak edib.

Missiyanı ətraf mühit və təhlükəsizlik üzrə təşəbbüs təşkilatı (ENISEC) dəstəkləyib. Azərbaycan və Ermənistan missiyanın işinə bilavasitə töhfə verib.

Xəbər lenti

Xəbər lenti