...

Asim Mollazadə: "Məmur-media, siyasətçi-media münasibətlərində məhz medianı dəstəkləmək çox önəmlidir"

Siyasət Materials 20 Oktyabr 2006 19:26 (UTC +04:00)

Azərbaycan Respublikası Milli Məclisinin oktyabrın 20-də keçirilən iclasında millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə son vaxtlar Azərbaycanda media-məmur münasibətlərində yaranmış gərginliklə bağlı fikirlərini açıqlayıb. Trend in məlumatına görə, Asim Mollazadə son zamanlar media-məmur münasibətlərinin ölkə ictimaiyyətini narahat etdiyini deyib.

O, bu günədək mövcud olan bir sıra məhkəmə proseslərinin, jurnalistlərin müxtəlif ittihamlarla həbs olunmasının Azərbaycanın beynəlxalq imicinə xələl gətirdiyini deyib: "Son günlərdə dövlət instansiyaları tərəfindən "Azadlıq" qəzeti redaksiyasının yerləşdiyi bina ilə bağlı məsələnin qaldırılması, bəzi aparıcı qəzetlərin qapadılması, bir sıra jurnalistlərin və mətbuat orqanlarının məhkəmələrə cəlb olunması parlamentin İnsan Hüquqları Komissiyasının media-məmurlar münasibətləri ilə bağlı müvafiq araşdırmalar aparmasına ehtiyac yaradır. Düşünürəm ki, parlament bu istiqamətdə daha ciddi addımlar atmalıdır"-deyə millət vəkili qeyd edib.

A.Mollazadə əlavə edib ki, məmurların medianın tənqidlərinə daha dözümlü yanaşmasına müəyyən qədər ehtiyac var. Bundan başqa, Azərbaycan mediasının etik kodeksinin müəyyənləşdirilməsi də vacibdir. Millət vəkilinin sözlərinə görə, mediada tənqid yox, çox vaxt şəxsi təhqirə keçən yazılara rast gəlinir: "İnsanların təhqir olunmasının qarşısını almaq üçün parlamentin medianın etik kodeksini yaratmasına ehtiyac duyulur. Digər tərəfdən informasiya ilə bağlı qanunlarda media mənsublarının məsuliyyətlərinin Cinayət Məcəlləsi ilə deyil, Mülki Məcəllə ilə müəyyən edilməsi zəruridir. İstənilən demokratik dövlətdə jurnalistlər qorunmalıdır. Söz və fikir azadlığı hər bir demokratik cəmiyyətin çox önəmli məsələsi olduğuna görə, zənnimcə, Avroatlantik məkana inteqrasiya olunmaq istəyən Azərbaycan da bu məsələlərə həssas yanaşmalıdır".

A.Mollazadə vurğulayıb ki, məmur-media, siyasətçi-media münasibətlərində məhz medianı dəstəkləmək çox önəmlidir.

Xəbər lenti

Xəbər lenti