Azərbaycanın hərtərəfli inkişafı, ölkədə vətəndaş cəmiyyətinin formalaşması və möhkəmlənməsi üçün mütləq və mütləq millətlərarası dialoq möhkəmlənməlidir. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 20-də Müqəddəs Ramazan ayı münasibətilə QMİ-nin təşkil etdiyi iftar mərasimində bəyan edib.
O qeyd edib ki, Azərbaycan çoxmillətli ölkədir. "Biz başqa ölkələrdən, qonşu ölkədən fərqli olaraq monodövlət deyilik. Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu, ölkəmizin inkişafı üçün çox mühüm bir amildir", - deyə dövlət başçısı vurğulayıb.
İ.Əliyevin sözlərinə görə, ölkəmiz iqtisadi inkişaf cəhətdən birinci yerdədir və iqtisadi artım baxımından bu gün Azərbaycanla rəqabət aparmaq iqtidarında olan başqa ölkə yoxdur. "Biz bunu qürur hissi ilə deyirik. Çünki bu, doğrudan da böyük nailiyyətdir. Amma bu bizə əsas vermir ki, əldə edilmiş nailiyyətlərlə kifayətlənək. Ölkəmizdə hələ çoxlu problemlər var və biz bunların həlli üçün əlimizdən gələni edirik. Əminəm ki, bizim uğurlu iqtisadi siyasətimiz Azərbaycanın iqtisadiyyatını möhkəmləndirəcək və bu, Azərbaycanda yaşayan hər bir insanın gündəlik həyatında öz əksini tapacaq", - deyə dövlət başçısı qeyd edib.