...

Nazim İbrahimov: "ABŞ türk diasporunun qurultayında iştirak və diasporlarımızın sıx əməkdaşlıq məsələlərini müzakirə edəcəyik"

Siyasət Materials 8 Noyabr 2006 11:17 (UTC +04:00)
Nazim İbrahimov: "ABŞ türk diasporunun qurultayında iştirak və diasporlarımızın sıx əməkdaşlıq məsələlərini müzakirə edəcəyik"

Amerika Türkləri Assosiasiyaları Assambleyasının (ATAA) bu ay keçiriləcək 27-ci qurultayında Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

N.İbrahimov həmin qurultayda iştirak etmək üçün noyabrın 8-də ABŞ-a yola düşəcək.
O, ABŞ-ın Vaşinqton, Mayami şəhərlərində olacaq, sonra Amsterdama gedəcək. Komitə sədri ABŞ-da ATAA-nın qurultayında iştirak edəcək, bu qurumun rəhbəri, üzvləri, ümumilikdə türk diasporu ilə görüşlər keçirəcək.

"Biz hər zaman dünyada yaşayan türklərin iri miqyaslı tədbirlərində iştirak edirik. Bildiyiniz kimi, Azərbaycan prezidentinin bizə verdiyi tapşırığa əsasən, dünyada olan türk diasporları ilə sıx əlaqələr saxlayır, onlarla birgə işləyirik. Nümayəndə heyətimizin ABŞ səfəri zamanı türk diasporunun qurultayında iştirak edəcək və Amerikada yaşayan tükrlərlə söhbətlərimiz olacaq. Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinə, sıx əməkdaşlığına dair hansı işlər görüləcəyini bir daha müzakirə edəcəyik. Gələn il mart ayında Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Türk diasporlarının birgə Forumunda iştirak barədə danışılacaq"-deyə N.İbrahimov bildirib.

Komitə sədri əlavə edib ki, forumun gününü isə Azərbaycan prezidenti təyin edəcək. Bu forum Azərbaycan prezidentinin təşəbbüsü olduğundan, dövlət başçısı tədbirin tarixinə dair xüsusi sərəncam verəcək.

N.İbrahimov qeyd edib ki, ABŞ-a səfəri zamanı həmçinin Azərbaycan diaspor nümayəndələri ilə də görüşlər nəzərdə tutulub. Onun sözlərinə görə, Kanadadakı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri nümayəndə heyətilə görüşmək arzusundadır və görüş üçün Amerikaya gələcəklər.

Noyabrın 18-də isə N.İbrahimov Hollandiyanın Amsterdam şəhərində Benelüks Azərbaycanlıları Konqresinin təsis konfransında iştirak edəcək. Dövlət Komitəsinin sədri noyabırn 22-də Azərbaycana qayıdacaq.

Xəbər lenti

Xəbər lenti