...

AB-nin Ali komissarı Xavyer Solana ilə müsahibə: Dondurulmuş münaqişələrin həlli Cənubi Qafqazın inkişafı üçün əhəmiyyətli amildir

Siyasət Materials 13 Noyabr 2006 15:55 (UTC +04:00)
AB-nin Ali komissarı Xavyer Solana ilə müsahibə: Dondurulmuş münaqişələrin həlli Cənubi Qafqazın inkişafı üçün əhəmiyyətli amildir

Trend in AB-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali komissarı Xavyer Solana (Javier Solana) ilə eksklüziv müsahibəsi

- Avropa Birliyi Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa hansı əhəmiyyəti verir? Sizin fikrinizcə, hansı amillər əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə yardım edir, hansı amillər isə buna maneəçilik törədir?

- Cənubi Qafqaz ölkələrinin AB-nin qonşuları olması və onların Avropa qonşuluq siyasətinə (AQS) daxil olma faktı artıq AB-nin bölgə ilə xüsusi münasibətlər qurmaq istədiyindən xəbər verir. AQS Fəaliyyət planının üç ölkə ilə həyata keçirilməsi AB-nin tərəfdaşlıq vasitəsilə dəstəkləyəcəyi islahatların razılaşdırılmış prioritetləri ilə əlaqədar bizim münasibətlərimizi dərinləşdirəcək.
AB-nin Cənubi Qafqazla münasibətlərə verdiyi əhəmiyyət AB-nin rəsmi şəxslərinin bu üç ölkəyə etdikləri səfərlərin sayının çox olmasında əks olunur. AB-nin xüsusi nümayəndəsi AB-nin Bakı, Tbilisi və Yerevandakı missiya başçıları ilə sıx əlaqə yaratmaqla üç dövlət və AB arasında intensiv və etibarlı əlaqələrin yaranmasına yardım edir, hər üç ölkənin hökümət orqanları ilə daim əlaqədə olur. Cənubi Qafqazın hər üç ölkə höküməti ilə görüşlərdə biz vurğulamışıq ki, dondurulmuş münaqişələrin həlli bölgənin inkişafı üçün əhəmiyyətli amildir. Avropa qonşuluq siyasətinin Fəaliyyət planından tam mənfəət əldə etmək üçün bu ölkələrdən hər birinə bölgədəki sabitlik lazımdır.

- Siz Azərbaycan və Avropa Birliyi arasındakı münasibətlərin vəziyyətini necə qiymətləndirirsiniz? Əməkdaşlıq şurasının toplantısı zamanı noyabr ayının ortalarında planlaşdırılan Avropa qonşuluq siyasətinin Fəaliyyət planının təsdiqindən sonra AB hansı addımları ata bilər?

- Bir neçə səbəbdən AB Azərbaycanı çox mühüm tərəfdaş hesab edir. AB və Azərbaycan üçün Fəaliyyət planı ümumi dəyər və prinsiplər əsasında qurulub. Bu, demokratiya, insan haqları, bazar iqtisadiyyatı və terrorun, kütləvi qırğın silahlarının yayılmasından yaranan problemlər, münaqişələrin həllinə töhfə və beynəlxalq qanuna riayət etməkdir. Fəaliyyət planı qəbul olunduqdan sonra bizim qarşımızda onun təxirə salınmadan həyata keçirilməsi ilə bağlı çox ambisiyalı, lakin mürəkkəb vəzifə durur. Bu məqsədlə növbəti 12 ayda Azərbaycan və AB arasında prioritet fəaliyyətlər müəyyən olunmalıdır.

- Necə hesab edirsiniz, bütövlükdə Cənubi Qafqazdakı münaqişələri necə həll etmək olar? AB əvvəlki kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında başlıca alternativ mənbəyə çevrilən Azərbaycana qarşı erməni təcavüzünün passiv müşahidəçisi olaraq qalacaqmı?

- Demək olmaz ki, AB passiv qalır. AB çox işlər görüb. Münaqişələr bölgənin qarşılaşdığı problemlərin kökündədir. Tezliklə razılıq əldə etmək məqsədilə mən Ermənistan və Azərbaycan arasında danışıqların davam etməsinin əhəmiyyətli olduğunu vurğulamaq istəyirəm. AB ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini dəstəkləyir. Mən ümid edirəm ki, noyabrın 14-də Brüsseldə hər iki ölkənin xarici işlər nazirlərinin görüşü gələcək tərəqqiyə nail olmaqda yardım edəcək.
Gürcüstandakı daxili münaqişələrə gəlincə, AB hesab edir ki, bu münaqişələrin həlli bütün bölgənin gələcəyi üçün çox əhəmiyyətlidir.
AB-nin Cənubi Qafqaz ölkələrindəki xüsusi nümayəndəsi Piter Semnebi münaqişələrin sülh yolu ilə həllinə töhfə verərək və bölgənin ölkələri arasında gələcək əməkdaşlığı dəstəkləyərək, gələcək siyasi və iqtisadi islahatları nəzərdən keçirməkdə və bölgənin gələcək inkişafına nail olmaqda Ermənistan, Azərbaycan və Gürcüstana köməklik göstərir.

- Enerji sahəsi sabitlik və inteqrasiyanın mühüm amili, Avropa qitəsində xarici siyasət və təhlükəsizlik siyasətinin ayrılmız hissəsi kimi nəzərdən keçirilir. Bu amil Azərbaycan və AB-nin daha çox yaxınlaşması üçün stimul olacaqmı?

- Enerji təhlükəsizliyi bütün dünya üçün çağırışa çevrilir. Bu, yalnız AB kimi istehlakçı üçün deyil, həm də paylarına xeyli sərmayə və enerji daşıyıcıları bazarında şəxsi maraqları uğrunda mübarizədə rəqabət yükü düşən yeni tədarükçülər üçün də əhəmiyyətlidir. Başlıca həll tədarükçü ölkələr, tranzit ölkələr və istehlakçı ölkələr arasında sıx münasibətlərdir.
Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan AB onunla əməkdaşlıq edib. Lakin biz hesab edirik ki, strateji tərəfdaşlığa keçməyin vaxtı çatıb. Məqsədi enerji strategiyasında tərəfdaşlığın yaradılması olan Qarşılıqlı anlaşma haqqında memorandum Azərbaycanın AB-də enerji daşıyıcılarının başlıca tədarükçüsü, eləcə də Xəzər hövzəsi ehtiyatları üçün mühüm tranzit ölkə kimi artan əhəmiyyətini əks etdirir.

- Hazırda İranın nüvə probleminin həlli yollarını nədə görürsünüz? Bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi məsələsi aktual olaraq qalırmı?

- AB-nin İranla bağlı məlum mövqeyi problemin danışıqlar yolu ilə həll edilməsindən ibarətdir. AB dəfələrlə İranla uzunmüddətli və möhkəm münasibətləri inkişaf etdirməyə hazır olduğunu bildirib. Lakin Atom enerjisi üzrə Beynəlxalq agentlik və BMT Təhlükəsizlik şurasının çağırışlarına baxmayaraq, İran uranın zənginləşdirilməsini dayandırmağa razı olmadı. Bu isə mənim Təhlükəsizlik şurasının beş daimi üzvü və Almaniyanın adından iyun ayında İrana etdiyim təklif əsasında AB-nin dəstəyi ilə danışıqlara başlamaq üçün səbəb olaraq qalır. Bu məsələ mənim üçün prioritetə çevrilib, çünki həmin məsələ beynəlxalq təhlükəsizlik üçün təhlükə yaradır.
Biz saatlarla danışıqlar apardıq və iranlı həmkarım ilə bəzi məsələlərdə qarşılıqlı anlaşma əldə etdik. Lakin uranın zənginləşdirilməsi üzrə fəaliyyətin dayandırılması haqqında razılıq əldə edə bilmədiyimizdən BMT-nin Təhlükəsizlik şurası qətnamə layihəsini hazırlayır. Əgər İran əməkdaşlığa və etimadın qurulmasına hazır olduğunu bildirsə, o zaman biz yenə də onunla danışıqlara başlaya bilərik.
Mən əminəm ki, İranın nüvə proqramı ətrafındakı mübahisələr yalnız danışıqlar yolu ilə həll oluna bilər. Bu danışıqlar üçün çərçivələr mövcuddur və həqiqətən də nüvə məsələsi regional və dünya siyasətində başlıca tərəfdaş olan İranla daha geniş münasibətlərdə yalnız bir, lakin başlıca elementdir.

- Bu yaxınlarda Fransanın Milli yığıncağı tərəfindən 1915-ci ci il "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət cəzası nəzərdə tutan, artıq birinci oxunuşda qəbul olunmuş qanun layihəsinə münasibətiniz necədir?

- Fransa Milli yığıncağının birinci oxunuşda qəbul etdiyi qanun layihəsi Fransanın daxili işidir və AB-nin Türkiyə ilə münasibətlərinə heç bir aidiyyəti yoxdur.

Xəbər lenti

Xəbər lenti