Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabrın 23-ə təyin etdiyi etiraz aksiyasının keçirilməsinə icazə verməyib. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda Prezident Aparatı yaxınlığında piketin keçirilməsinin məqsədəuyğun olmadığını bildirilib. Partiya üzvləri isə sabah - noyabrın 23-də saat 14.00-da Prezident Aparatının yaxınlığında etiraz aksiyası keçirməkdə israrlıdırlar.
"Azadlıq" qəzetinin və digər media qurumlarının jurnalistləri isə noyabrın 28-də Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında aksiya keçirəcəklər.
Qeyd edək ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi AXCP-nin, "Azadlıq" qəzeti və "Turan" Agentliyinin icarə haqqını ödəməməsini əsas gətirərək, yerləşdikləri Xəqani-33 ünvanındakı binanı boşaltmasını tələb edir. Bu tələblə Dövlət Komitəsinin 1 saylı yerli İqtisad Məhkəməsində qaldırdığı iddia ilə bağlı məhkəmə prosesi noyabrın 24-də davam etdiriləcək.