Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Milli Məclisin nümayəndə heyətinin tərkibində Pakistana səfərə gedir. Bu barədə Trend ə DİP-dən məlumat verilib.
Səfər zamanı Pakistan Milli Assambleyasının sədri Çaudri Əmir Hüseynlə (Pakistan-Azərbaycan Dostluq Qrupu ilə birgə), xarici işlər naziri Xurşid Kasuri ilə, Ali Təhsil Komissiyasının sədri, federal nazir Atta Ur Rəhmanla, neft və təbii ehtiyatlar naziri, Pakistan-Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın həmsədri Aman Ullah Xan Çadunla, Senatın sədri Məhəmmədmian Sumro ilə, Qadın İnkişafı və Gənclər Məsələləri üzrə nazir Sümeyra Maliklə görüşlər keçiriləcək.
Nümayəndə heyətinin Senatın Xarici Əlaqələr Komitəsində də bir sıra görüşləri nəzərdə tutulur. Bundan əlavə millət vəkilləri Pakistan Qaydi Əzim Universitetində "Azərbaycan və Regional enerji ssenariləri" mövzusunda dəyirmi masaya qatılacaqlar. Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin sədri Müşahid Hüsseyn Syed ilə birlikdə nümayəndə heyətimizin mətbuat konfransı keçirməsi planlaşdırılıb. Pakistan prezidenti Pərviz Müşərrəfin millət vəkillərimizi qəbul etməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Pakistan prezidenti Pərviz Müşərrəf Bakıya, Azərbaycan prezidenti İlham Əliyev isə Pakistana səfər edib və bu səfərlər zamanı ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq nəzərdə tutulub. Bundan əlavə Pakistan Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edib və Azərbaycanın mövqeyni bütün beynəlxalq təşkilatlarda dəstəkləyib. Bu baxımdan nümayəndə heyətimizin səfəri son illərdə formalaşan Azərbaycan-Pakistan dostluğuna təkan verməyə, iki ölkə parlamenti arasında əlaqələri möhkəmləndirməyə xidmət edir.