...

11 dekabrdan etibarən Böyük Britaniya Azərbaycan vətəndaşları üçün biometrik viza tətbiqinə başlayacaq

Siyasət Materials 1 Dekabr 2006 16:30 (UTC +04:00)

11 dekabrdan etibarən Böyük Britaniya səfirliyi bu ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün biometrik vizanın tətbiqinə başlayacaq. Trend in məlumatına əsasən, bu barədə Böyük Britaniyanın Azərbaycandakı işləri üzrə müvəqqəti nümayəndəsi Kolin Uels dekabrın 1-də keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, biometrik vizaların tətbiqi qeyri-qanuni miqrasiya ilə mübarizəni gücləndirmək məqsədi daşıyır. Bu ölkəyə səfər üçün viza almaq istəyən Azərbaycan vətəndaşları barmaq izlərini təqdim etməli olacaqlar. Diplomat bu prosedurun skaynerin köməyi ilə həyata keçiriləcyini, mürəkkəb və ya başqa kimyəvi maddələrdən istifadə edilməyəcəyini bildirib.

Vətəndaş barmaq izi verməkdən imtina etdiyi təqdirdə onun viza almaq xahişi rədd ediləcək.

Diplomatın sözlərinə görə, Azərbaycan bu sistem tətbiq edilən tək ölkə deyil.

Bu ölkələr sırasına Belçika, Niderland, Şri-Lanka, Tanzaniya, Cibuti, Ruanda, Vyetnam və b. daxildir. Biometrik viza Azərbaycanda Gürcüstan və Ermənistanla paralel tətbiq ediləcək. 2008-ci ildən Böyük Britaniya bütünlüklə bu cür viza verilməsi sisteminə keçəcək.

K.Uels qeyd edib ki, Azərbaycan o ölkələr sırasına daxildir ki, oradan Böyük Britaniyaya mühacir axını azdır. Böyük Britaniya səfirliyinin konsul şöbəsi hər il 5-6 min Azərbaycan vətəndaşına viza verir.

Xəbər lenti

Xəbər lenti