"Söz azadlığını özləri pozmuş insanlar bu gün söz azadlığından danışırlar. Bu, çox gülüncdür". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.
Qeyd edək ki, bir müddət əvvəl bütün müxalifət partiyalarının iştirakı ilə söz və mətbuat azadlığının müdafiəsi üzrə Koordinasiya Şurası adlı qurum yaradıldı, bir neçə dəfə müxalifət rəhbərləri bir araya gələrək birgə müzakirələr apardılar. Müxalifətin bu toplantılarında iştirak etməyən ASDP rəhbəri A.Əlizadə bunu həmin partiyalarla əməkdaşlıqdan imtina etməsi ilə əlaqələndirib: "Mən onların topantılarına qatılmıram. Əvvəla çağırılmamışam, ikincisi də hamısı bilir ki, mən belə uşaq oyunlarında iştirak etmirəm. İndi müxalifətdə dayanan və özlərini radikal müxalifət adlandıran partiyaların bir illik hakimiyyəti dövründə senzura oldu, jurnalistlərə təzyiqlər edildi. İndi onlar özləri üçün söz azadlığı istəyirlər. Söz azadlığına qarşı təzyiqərin təməlini o vaxt bir illik hakimiyyətdə olmuş Xalq Cəbhəsinin üzvləri, indiki müxalifət qoyub"-deyə A.Əlizadə vurğulayıb.
O bildirib ki, ASDP digər müxalifət partiyaları ilə yalnız Qarabağ problemi istisna olmaqla bütün məsələlərlə bağlı əməkdaşlıqdan imtnia edir: "Əgər mən görsəm ki, onlar həqiqətən də Qarabağ uğrunda döyüşə getməyə hazırdırlar, mən də onlarla birgə döyüşə gedərəm. Amma onlarla yanaşı olaraq. Bir addım belə onlardan qabağa çıxmaram ki, məni arxadan vurmasınlar".
A.Əlizadə onu da deyib ASDP konstruktiv müxalifət mövqeyində dayandığı üçün həmişə iqtidar-müxalifət dialoquna hazırdır. Amma ASDP sədri hesab edir ki, hələ kimin kiminlə dialoqa getməli olduğu müəyyənləşməyib.
Qeyd edək ki, sol təmayüllü müxalifətçi Sosial Demokrt Partiyasının digər həmsədri müstəqil Azərbaycanın ilk prezidenti, hazırda Rusiyada mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.