Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulu Qüdsi Osmanov bu şəhərdə çoxlu sayda azərbaycanlıların çalışdığı topdansatış bazasında disapor nümayəndələrimizlə geniş keçirib. Bu barədə Trend ə baş Konsul Qüdsi Osmanov məlumat verib.
O, bildirib ki, görüşdə Azərbaycan prezidentinin "Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında" 22 noyabr 2006-cı il tarixli sərəncamı barədə məlumat verib. Rusiyada miqrasiya haqqında yeni qanun qüvvəyə mindikdən sonra ölkə ərazisində qeydiyyatsız yaşayan soydaşlarımızın hansı problemlərlə üzləşə biləcəyi, gələn il yanvarın 1-i, aprelin 1-dək hansı tədbirlərin görülməli olduğu, qeydiyyata necə düşmək barədə məlumatlar verilib.
"Diaspor nümayəndələrimiz Azərbaycan prezidentinin sərəncamına dair öz razılıqlarını bildirdilər. Təəssüf ki, burada olan azərbaycanlıların təxminən 35 faizi qeyri-leqal yaşayır. Soydaşlarımızın qeydiyyata düşməsi üçün hüquqi məsələlərdə yardım göstərmək, onları maarifləndirmək məqsədilə Baş Konsulluq tərəfindən hüquqşünas təyin olunub. Hüquqşünas soydaşlarımızın qeydiyyatı ilə bağlı üzləşdikləri çətinliklərdə onlara köməklik göstərəcək, həmçinin lazımi məsələlər barədə məlumatlandıracaq"-deyə Baş Konsul qeyd edib.
Q.Osmanov onu da deyib ki, Sank-Peterburqda azərbaycanlıların sıx yaşadığı digər ərazilərdə də görüşlər keçiriləcək. Onun sözlərinə görə, Sankt-Peterburq yaxınlığında Sofiyski adlanan bazarda daha çox sayda azərbaycanlı çalışır. Oraya həmçinin Rusiyanın şimal-şərq federal dairəsində yaşayaş azərbaycanlılar da gəlib mal alırlar. Buna görə də növbəti görüş həmin bazarda təşkil olunacaq. Q.Osmanov qeyd edib ki, bütün görülən tədbirlərdə Baş Konsulluqla bərabər Azərbaycan Milli Mədəni Muxtariyyəti və diaspor qurumları da birgə çalışırlar.