...

YAP icra katibinin müavini: "YAP üzvlərinin sayı 400 minə çatıb"

Siyasət Materials 8 Yanvar 2007 19:49 (UTC +04:00)

2006-cı ilin sonuna yaxın Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 400 min nəfərə çatıb və partiyaya yeni daxil olan üzvlərin böyük əksəriyyətini gənclər təşkil edir. Trend in məlumatına görə, bu barədə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Mübariz Qurbanlı vurğulayıb ki, 2006-cı il YAP-ın fəaliyyətində bir sıra hadisələrlə yadda qalıb. "Hazırda YAP-ın ilk partiya təşkilatlarının sayı 7 minə yaxınlaşır. YAP təşkilatlanma baxımından çox ciddi irəliləyişə nail olub, ilk təşkilatların, partiya üzvlərinin sayı artıb, partiyaya gənclərin daxil olma prosesi yüksələn xətt üzrə davam edib. Həmçinin, partiya geniş şəkildə siyasi təbliğat işini qura bilib və uğurlu nəticələr əldə edib" - deyə icra katibinin müavini vurğulayıb.

Onun fikrincə, 2006-cı ildə Azərbaycanda keçirilən iki seçkidə hakim partiya qalib gəlib. Bu uğurlar YAP-ın siyasi və təşkilatlanma baxımından öz fəaliyyətini yüksək səviyyədə qurmasına dəlalət edən faktdır: "YAP-a və onun fəaliyyətinə cəmiyyət çox yüksək qiymət verir. Keçirilən rəy sorğularında YAP cəmiyyətdə birinci partiya kimi özünü sübut edib." M.Qurbanlı vurğulayıb ki, YAP-ın İcra Katibliyinin hazırladığı və İdarə Heyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, partiya ötən il cəmiyyəti düşündürən bir çox məsələlər barədə dəyirmi masalar, konfranslar, disputlar və görüşlər keçirib. "Bu konfranslarda iqtisadiyyatımıza, xarici siyasətimizə, mənəvi dəyərlərimizə aid olan tədbirləri xüsusilə qeyd etmək istəyirik. Azərbaycanın sosial-iqtisadi nailiyyətlərinin əldə edilməsində prezident İlham Əliyevin, sözün həqiqi mənasında, xalq tərəfindən müdafiə olunması və digər məsələlər bu tədbirlərdə öz əksini tapıb" - deyə millət vəkili əlavə edib.

Xəbər lenti

Xəbər lenti