...

Əli Əhmədov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb

Siyasət Materials 19 Yanvar 2007 17:34 (UTC +04:00)

Yanvarın 19-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) mənzil qərargahında bir qrup 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.

YAP mətbuat xidmətindən Trend ə verilən məlumata görə, partiyanın sədr müavini, icra katibi, deputat Əli Əhmədov 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi tarixi cinayətin dəhşətlərindən danışıb. O qeyd edib ki, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların qəhrəmanlığının gələcək nəsillərə örnək kimi çatdırılması üçün dövlət tərəfindən böyük tədbirlər həyata keçirilib və bu qismdən olan addımlar bu gün də atılmaqdadır. "Ümummilli Lider Heydər Əliyev bu qəbildən olan insanlara, onların ailə üzvlərinə dərin ehtiramı və diqqəti ilə həmişə nümunə olub. Ulu Öndərimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı bu gün də prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir", - deyə Əli Əhmədov vurğulayıb.

Onun sözlərinə görə, YAP da şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmağı, onların ailə üzvlərinə diqqət və qayğı ilə münasibət bildirməyi, problemləri ilə maraqlanmağı və imkanları daxilində maddi yardım göstərməyi həmişə özünə borc bilir.

Görüşdə çıxış edən şəhid ailələrinin nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eks-prezident Heydər Əliyevin bu insanlara doğma münasibətini bu gün layiqincə davam etdirən prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda YAP İcra Katibliyi adından şəhid ailələrinə maddi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti