...

YAP İdarə Heyətinin toplantısında partiyanın 2007-ci ilin birinci yarısı üçün iş planı təsdiq edilib

Siyasət Materials 26 Yanvar 2007 18:43 (UTC +04:00)

Yanvarın 26-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib və iclasda 2007-ci ilin birinci yarısı üçün iş planı təsdiq edilib.

YAP mətbuat xidmətindən Trend ə verilən məlumata görə, iclasda partiyanın 2006-cı ildə fəaliyyətinə dair hesabat verilib. Qeyd olunub ki, hesabat dövründə partiya ölkənin ictimai-siyasi həyatında, o cümlədən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən islahatlar və quruculuq prosesində yaxından iştirak edib, cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi öz mövqelərini daha da möhkəmləndirib. Vurğulanıb ki, partiyanın sədri, prezident İlham Əliyevin başçılığı ilə ölkəmizin sürətli inkişafı YAP-ın əhali arasında nüfuzunu gücləndirib. Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevin partiyanın Xaçmaz rayon təşkilatının fəalları ilə görüşündəki çıxışında partiyanın fəaliyyətinə yüksək qiymət verdiyini qeyd edən İdarə Heyəti üzvləri təşkilatın gələcək fəaliyyətinin bu meyarlar əsasında təşkil edilməsi zərurətini vurğulayıblar.

İclasda ətraflı müzakirələrdən sonra İdarə Heyətinin 2006-cı ildə fəaliyyətinə dair hesabat, Yeni Azərbaycan Partiyasının ümumi tərkibi, o cümlədən Gənclər Birliyinin, Qadınlar Şurasının 1 yanvar 2007-ci ilə olan statistik hesabatı və partiyanın 2006-cı il üçün maliyyə hesabatı təsdiq edilib.

Təsdiq olunmuş statistik məlumata görə, hesabat dövründə partiya üzvlərinin sayı 28 min 508 nəfər artaraq 404 min 602 nəfərə çatıb. 2006-cı ildə YAP-a qəbul olunanların 51 faizini gənclər təşkil edib ki, bunun nəticəsində partiya sıralarında bu yaş qrupundan olanların xüsusi çəkisi daha da artıb. Bütövlükdə isə, partiya üzvlərinin 38.3 faizini, yəni 155 min 106 nəfərini gənclər, 42.6 faizini, yəni 172 min 478 nəfərini isə qadınlar təşkil edir.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildi hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti