Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Mətbuat Şurası Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasına müraciət edib. Bu barədə adıçəkilən komissiyanın sədri Nizami Cəfərov məlumat verib.
Müraciət mətbuatda yaranmış durumla bağlıdır. Belə ki, Mətbuat Şurası "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunda dəyişikliklərin edilməsini istəyir. Təklif olunan dəyişikliyə əsasən, əgər Mətbuat Şurası hər hansı bir mətbu orqanla bağlı üç dəfə mənfi qərar qəbul edərsə, bundan sonra şuraya həmin qəzetlərin cərimələnməsi haqqında məhkəmədə məsələ qaldırmaq səlahiyyəti verilir.
İkinci dəyişikliyə əsasən, əgər qəzetin fəaliyyəti səbəbindən Mətbuat Şurası hər hansı bir mətbu orqanın işini dayandırarsa, həmin qəzetə rəhbərlik edən şəxsin üç il müddətinə kütləvi informasiya vəsitəsinə rəhbərlik etməsi qadağan olunur.
Ücüncü dəyişikliyə əsasən, yeni fəaliyyətə başlayan qəzet hər hansı bir təşkilatın adını daşıyarsa, həmin təşkilatın razılığını almalıdır.
N.Cəfərov onu da deyib ki, hazırda rəhbərlik etdiyi komissiya Mətbuat Şurasının təkliflərini araşdırır.
"Kütləvi İnformasiya Vasitələri haqqında" qanunda dəyişikliklərin edilməsi üçün layihə hazırlanacaq", - deyə N.Cəfərov bildirib.