...

Peyğəmbəri təhqir etməkdə təqsirləndirilənlər yenə vəkilsizdirlər

Siyasət Materials 23 Fevral 2007 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova / Məhəmməd peyğəmbəri öz məqaləsində təhqir etməkdə təqsirli bilinən publisist Rafiq Tağının və məqalənin çap olunduğu "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun cinayət iş üzrə materiallar məhkəmə baxışına göndərilsə də, hər iki təqsirləndirilən şəxs hazırda vəkilsizdir. Bu barədə Trend ə ibtidai istintaq zamanı onların hüquqlarını müdafiə etmiş vəkil Səyyad Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, ibtidai istintaq bitdikdə vəkillə muqavilənin də müddəti bitir. Əgər təqsirləndirilən şəxs həmin vəkilin məhkəmədə iştirakını istəyirsə, o zaman yeni müqavilə bağlanır. Lakin Rafiq Tağı ilə Samir Sədaqətoğlunun cinayət işi üzrə iş materialları məhkəməyə verildikdən sonra təqsirləndirilən şəxslərin yaxınları müqavilə bağlanması ilə bağlı Səyyad Məmmədova müraciət etməyiblər. Vəkil bildirib ki, əgər ona belə bir müraciət olunarsa, o, məhkəmədə vəkil kimi iştirak etməkdən imtina etməyəcək.

Qeyd edək ki, Rafiq Tağı ilə Samir Sədaqətoğlu 15 noyabr 2006-cı il tarixdə həbs olunublar. Onların hüquqlarını müdafiə etməyi heç bir vəkil öz üzərinə götürməyib. Nəhayət, həbsdən təqribən 15 gün sonra təqsirləndirilən şəxslərin yaxınları müqavilə bağlamaq üçün vəkil Səyyad Məmmədovu razı sala biliblər.

İş üzrə materiallar Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Məhəmmədəli Zülfüqarovun icraatındadır. Məhkəmə baxışına hazırlıq iclası isə martın 1-nə təyin olunub. Rafiq Tağı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), Samir Sədaqətoğlu isə 283.2.2 (öz qulluq mövqeyindən istifadə etməklə Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddəsi ilə təqsirləndirilir.

Əgər ittihamlar sübuta yetirilərsə, Rafiq Tağını cərimə, azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilə d ək azadlıqdan məhrumetmə cəzası, Samir Sədaqətoğlunu isə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti