...

Moskvada Xocalı soyqırımının 15- ci ildönümü qeyd olunub

Siyasət Materials 26 Fevral 2007 16:17 (UTC +04:00)
Moskvada     Xocalı     soyqırımının   15-  ci     ildönümü     qeyd     olunub

Rusiya, Moskva/ Trend müxbir R.Ağayev/ Dünən, fevralın 25-də Moskvada Heydər Əliyev Fondunun dəstəyi ilə MDBMİ-nin Azərbaycanlı Gənclər Klubu və Rusiyanın Azərbaycanlı Gənclərinin Koordinasiya Şurası tərəfindən təşkil olunmuş "Xocalısız 15 il" mövzusunda Xocalı soyqırımı qurbanlarının anım gecəsi keçirilib.

Matəm mərasiminin əvvəlində Azərbaycan Respublikasının himni səslənib və sonra Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı faciəsinin tarixi haqqında təqdim etdiyi sənədli film nümayiş etdirilib.

Sonra tədbir təşkilatçılarına söz verilib. MDBMİ-nin Azərbaycan klubunun prezidenti Leyla Əliyeva öz çıxışında bu faciənin tarixinə ekskurs edib. Leyla Əliyeva qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq 15 ildir ki, davam edir və bunun nəticəsində Azərbaycanın 20% ərazisi işğal altındadır, ölkədə milyondan çox qaçqın və məcburi köçkünlər var, on minlərlə tarixi və memarlıq abidələri məhv edilib.

"Hər bir müharibədə olduğu kimi, əvəzi olmayan ən böyük itki və böyük faciə insan qurbanlarıdır. 1992-ci il fevralın 26-ı, erməni təcavüzkarlarının Xocalı şəhərində azərbaycanlıları qəddarcasına məhv etdikləri gün, ən faciəvi və ağır anlardan biri kimi tariximizə daxil olub. Xocalıdakı qırğın xalqımız üçün ən ağır sınaq olub. O, hər bir ailənin taleyindən keçdi, hamıya toxundu. Xocalı faciəsinin qorxunc rəqəmləri bunlardır: 600 nəfərdən çox insan, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca öldürülüb, təxminən 500 nəfər ağır yaralanıb, mindən çox insan əsir götürülüb. Dinc əhalinin evləri, xəstəxanalar və məktəblər dağıdılıb və yandırılıb. Xocalıda cinsindən və yaşından asılı olmayaraq, tamamilə günahsız insanlar məhv edilib. Tam haqlı olaraq bu faciə öz qəddarlığı və kütləviliyinə görə bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərlə bir sırada qoymaq olar. 15 il ötüb, lakin Azərbaycan heç vaxt bu, qorxulu fevral gününü unutmayacaq. Həmin günün şahidləri hələ sağdırlar, bu dünya miqyaslı cinayəti təsdiq edən sənədlər, foto və videomateriallar var. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirdiyimiz bizim bugünkü tədbirimizin məqsədi dünya ictimaiyyətinin bu soyqırım haqqında obyektiv şəkildə məlumatlandırılmasıdır, eləcə də bizim məqsədimiz belə faciənin təkrarlanmaması çağırışı ilə dünya ictimaiyyətinə müraciət etməkdən ibarətdir. Xocalıdakı hadisələr beynəlxalq hüquq normalarına və ikiqat standartlar siyasətinə riayət edilməmənin nəyə gətirib çıxardığını bir daha bütün bəşəriyyətə göstərdi. Bununla yanaşı Xocalı bütün

dünyada bütün Azərbaycan xalqını birləşdirdi. Biz əminik ki, Ermənistan-Azərbaycan münaqişəsi ədalətli şəkildə həll olunacaq, Xocalı haqqında acı həqiqət isə öz hüquqi qiymətini alacaq. 21-ci əsrdə bəşəriyyə, nəhayət, zorakılıq və müharibələrdən ümumi dəyərlərə, həmrəyliyə, dözümlülüyə və hər bir insanın hüququna əsaslanmış yeni mədəniyyətə keçməlidir", - deyə MDBMİ-nin Azərbaycan klubunun prezidenti Leyla Əliyeva bildirib.

Tədbirin təşkilatçılarından biri, Azərbaycanlı Gənclər Koordinasiya Şurasının sədri Səyavuş Məmmədov, öz növbəsində, Azərbaycan tarixinin faciəli hadisələrindən nəticə çıxarmağın zəruri olduğunu bildirib. O qeyd edib ki, Xocalıdakı soyqırım ermənilərin 200 ildən çox vaxt ərzində azərbaycanlılara qarşı hansı üsullarla işlədiyini sübut etdi. Onun sözlərinə görə, hər il dünyanın müxtəlif ölkələrində Xocalı haqqında həqiqəti çatdıran tədbirlər keçirilir. Səyavuş Məmmədov vurğulayıb ki, Rusiyanın azərbaycanlı gəncləri həmçinin Rusiya ictimaiyyətini məlumatlandırmağa və Xocalı faciəsi haqqında obyektiv informasiyanı çatdırmağa çalışır. "Azərbaycan xalqı hər zaman tolerantlıq, sülhsevərlik və dözümlülük nümunəsi olub. Və bu səbəbdən biz artıq uzun müddətdir ki, dünya ictimaiyyətinin erməni təcavüzünü qınayacağını və onları sülh yolu ilə işğal olunmuş əraziləri qaytarmağa vadar edəcəyini gözləyirik. Lakin hər səbrin sonu var. Əminəm ki, yaxın gələcəkdə Azərbaycan dünyanın siyasi, iqtisadi mərkəzinə çevriləcək, onun səsi güclü şəkildə eşidiləcək və bununla razılaşmamaq qeyri-mümkün olacaq. Son illər daha da fəallaşan gənclərimiz dünya ictimaiyyətinə sübut edə bilər ki, bu və ya digər problemə ikiqat standartla yanaşma məhvedicidir", - deyə AGKŞ lideri bildirib.

Xocalıdakı hadisələri təhlil edən MEA İnsan haqları İnstitutunun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev öz məruzəsində ermənilərin başqa xalqlara, o cümlədən ən yaxın qonşularına qarşı təcavüzkar hərəkətlərini tarixdən götürülmüş konkret faktlar, o cümlədən bu yaxınlarda aşkar edilmiş faktlarla əsaslandırıb. Xarici, eləcə də rus pravoslav mənbələri rəhbər tutan Rövşən Mustafayev qeyd edib ki, bütün bəşəriyyətə qarşı yönəlmiş təcavüzkar erməniçilik ideologiyasının özü əfsanəvi və uydurma boş ideyalara əsaslanıb, lakin hətta erməniçiliyin güclü təbliğat maşını Xocalıda azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri heç nə ilə izah edə və bəraət qazandıra bilmədi.

Tədbirin rəsmi hissəsinin sonunda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edib. O, tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək qeyd edib ki, Leyla Əliyevanın çıxışında ölkəmizin gələcəyi olan müasir Azərbaycan gənclərinin təfəkkürü əks olunub. Onun sözlərinə görə, bu qorxunc faciə artıq 15 ildir ki, hər bir azərbaycanlının ürəyində yaşayır, lakin Azərbaycanın ildən-ilə güclənən siyasi və iqtisadi gücü bizi öz torpaqlarımızı azad edəcəyimizə və tarixi ədaləti bərpa edəcəyimizə əmin edir. "Bu gün Azərbaycan əvvəlki deyil, azərbaycanlılar da əvvəlki deyillər. Bu gün - onlar, səsi bütün dünyada eşidilən və il, ay, gün keçdikcə səsi daha da güclənən möhkəm birləşmiş millət, suveren ölkədir. Bunu Azərbaycanın yaşadığı ağır illər sübut edir, lakin ölkə sağ qala bildi və suveren, nüfuzlu dövlət oldu", - deyə Polad Bülbüloğlu qeyd edib. Gənclər hərəkatının liderləri L.Əliyeva və S.Məmmədovun səsləndirdiyi ideyalara əsaslanaraq, o qeyd edib: "Ləyaqəti alçaldılmış insanların xatirəsinin unudulmaması üçün biz bütün dünyanı Xocalıdakı hadisələri soyqırım kimi tanımağa, öz tarixi torpaqlarımızı qaytarmağa məcbur edəcəyik".

Sonra Azərbaycanın RF-dəki səfiri Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı Azərbaycan xalqına etdiyi müraciətdən bir hissə oxudu: "Bizim məqsədimiz tarixi ədalətin bərpa olunmasından, cinayətkarların ifşa edilməsindən və onların dünya ictimaiyyətinin mühakiməsinə verilməsindən ibarətdir. Ona görə də erməni şovinistlərinin və bölgədəki millətçilərin həyata keçirdiyi etnik separatçılıq, onların başqa xalqlara qarşı nifrət və terror idealogiyası nəticəsində dünyanı gözləyən təhlükəni ifşa etmək və göstərmək lazımdır. Bu - bizim vətəndaşlıq və insani borcumuzdur..."

Tədbirin ikinci hissəsində "Fəryad" bədii filmi nümayiş etdirilib.

Tədbirin keçirildiyi Mərkəzi sahibkarlar evinin foyesində Xocalı soyqırımının həqiqətlərini əks etdirən foto-sərgi təşkil olunub. Bundan başqa, Heydər Əliyev Fondunun təqdim etdiyi, eləcə də Moskvada AGKŞ tərəfindən dərc olunmuş müxtəlif dillərdə çoxsaylı kitablar, jurnallar və bukletlər paylanıb. Bununla yanaşı, AGKŞ-nin fəallarına "Azərbaycana qarşı erməni təcavüzünə STOP!" yazılı mayka və köynəklər verilib. Tədbir iştirakçılarına verilən hər paketdə isə həmçinin AGKŞ-nin fəalı, "Qarabağ" Beynəlxalq Fondunun prezidenti Roman Ağayevin Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi Samir Əsgərxanovun xatirəsinə həsr olunmuş müsabiqədə birinci yeri tutmuş "Erməni faşizmi" adlı sənədli filminin diski də olub.

Xəbər lenti

Xəbər lenti