...

Qobustan qapalı həbsxanasına yeni rəis təyin olunub

Siyasət Materials 9 Mart 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasının rəhbərliyi dəyişdirilib. Həbsxananın rəisi vəzifəsinin icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat şöbəsinin rəisi Əlizadə Hüseynova həvalə edilib.

Qobustan qapalı həbsxanasının rəisi Sədaqət Ağayev və bölük komandiri Elşən Məmmədov Ədliyyə Nazirliyi tərəfindən Qobustan qapalı həbsxanasında aparılan xidməti yoxlama nəticəsində işdə yol verdikləri nöqsanlara və qanun pozuntularına görə, vəzifələrindən kənarlaşdırılıblar. Adıçəkilən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün yoxlama zamanı toplanmış materiallar Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə göndərilib. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddələri ilə cinayət işi başlanıb. Hələlik onlar barəsində qətimkan tədbiri seçilməyib.

Qobustan həbsxanasının keçmiş rəisi Sədaqət Ağayevə 6 ayın yekunları ilə bağlı keçirilən müşavirədə fəaliyyətindəki nöqsanlarla bağlı xəbərdarlıq olunub. Ona işində dönüş yaratmaq üçün 3 ay vaxt verilmişdi.

Xəbər lenti

Xəbər lenti