...

AXCP qərargah problemi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək

Siyasət Materials 9 Mart 2007 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qərargah problemi ilə əlaqədar Ali Məhkəməyə müraciət edəcək. Bu barədə AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib.

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsinin qərarını aldıqdan sonra Ali Məhkəməyə müraciət edəcəklər. H.Kərimov qeyd edib ki, Ali Məhkəmədən müsbət cavab alacaqlarına inanmırlar: "Bizim əsas məqsədimiz İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etməkdir. Ona görə də yerli məhkəmələrdə bütün inistansiyaları keçmək istəyirik."

Sədr müavini deyib ki, məsələ ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etsələr də, heç bir cavab ala bilmirlər.

"Dövlət Komitəsi AXCP-yə nə konkret cavab verir, nə də hansısa bir ünvanda yer təklif edir", -deyə H.Kərimov əlavə edib.

"Azadlıq" qəzeti Xəqani küçəsi 33 ünvanından çıxarılandan sonra onun binasında məskunlaşan AXCP də qərargahsız qalıb. Partiya hazırda ADP-nin qərargahında məskunlaşıb.

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti