...

Azərbaycanın daha iki müxalifət yönümlü təşkilatı əməkdaşlıq sazişi imzaladı

Siyasət Materials 4 Aprel 2007 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Müxalifəti təmsil edən Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) ilə Milli Demokrat Partiyası (MDP) arasında çərşənbə günü Bakıda əməkdaşlıq sazişi imzalanıb. Sazişə AYSH sədri İlqar Qasımov və MDP sədri İsgəndər Həmidov imza atıblar.

Tərəflər ölkədə gedən vətəndaş cəmiyyəti quruculuğunda və demokratikləşmə prosesində fəal iştirak etmək, insan hüquq və azadlıqları sahəsində problemlərin həllində öz səylərini birləşdirmək, seçkilərin demokratikliyinin təmin olunması sahəsində, Dağlıq Qarabağ probleminin həllində və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məsələlərində səyləri birləşdirmək, həmçinin qarşılıqlı razılaşma əsasında tərəflərin bir-birinin siyasi maraqlarını digər qurumlarda və seçkili orqanlarda təmsil etmək barədə razılığa gəliblər.

MDP sədri İsgəndər Həmidov AYSH-nin qiymət artımına etirazla bağlı mayın 12-də Bakıda keçirməyi planlaşdırdığı mitinqi dəstəklədiklərini və partiya üzvlərini aksiyada yaxından iştiraka çağırdığını bildirib.

İ.Həmidov deyib ki, 12 may aksiyasında yaxından iştirak etmək məqsədilə mitinqə hazırlıq üzrə təşkilat komitəsinə MDP-dən nümayəndə təqdim edib.

Xəbər lenti

Xəbər lenti