...

AXCP sədri baş prokurora və daxili işlər nazirinə müraciət edib

Siyasət Materials 6 Aprel 2007 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ümumvətəndaş pasportu almaq üçün cümə günü baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib. Bu barədə AXCP mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə Ə.Kərimli bildirib ki, 2001-ci ilin iyununda aldığı ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyi üçün 2006-cı ilin iyununda yeni pasport almaq məqsədilə DİN-nin Pasport və Vətəndaşların Qeydiyyatı İdarəsinə lazımi sənədlərlə müraciət edib. Lakin sözügedən qurum 2006-cı ilin iyununda ona yeni pasport verməkdən imtina edib. Nazirlik bu imtinanı Ə.Kərimli barəsində 1994-cü ilin sentyabrında açılmış cinayət işi ilə əsaslandırıb.

Ə.Kərimli məsələ ilə bağlı Nəsimi Rayon Prokurorluğuna, Bakı Şəhər Prokurorluğuna, baş prokurora müraciət etdiyini, amma bu müraciətlərin cavabsız qaldığını deyib. "Bir çox hallarda müraciətlərim cavabsız qalıb, bəzi hallarda isə ərizələrim tərəfinizdən aidiyyət qaydaları pozulmaqla polis orqanlarına göndərilib. Bu da "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 10-cu maddələrinin tələblərinə ziddir" - deyə müraciətdə qeyd olunur.

Müraciətin sonunda Ə.Kərimli Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel tərəfindən aprelin 16-dan 20-dək Avropa Şurası Parlament Assambleyasının iclasında iştirak etmək üçün Strasburqa dəvət olunduğunu qeyd edir: "Lakin ümumvətəndaş pasportu əldə etməklə bağlı yuxarıda göstərilən süni hallar həmin tədbirdə iştirakıma mane olur. Ümid edirəm ki, mənə qarşı olan qanunsuz münasibət aradan qaldırılacaq, dövlətimizin imicinə daha da mənfi ştrixlərin əlavə olunmasına imkan verməyəcəksiniz".

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti