...

Nümayəndə heyətinin sədr müavini: "Avropa Şurası Azərbaycanda 2008-ci ildə keçiriləcək prezident seçkilərinə böyük əhəmiyyət verir"

Siyasət Materials 17 Aprel 2007 12:16 (UTC +04:00)
Nümayəndə heyətinin sədr müavini: "Avropa Şurası Azərbaycanda 2008-ci ildə keçiriləcək prezident seçkilərinə böyük əhəmiyyət verir"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icra vəziyyətinə dair məruzənin müzakirəsi bizim gözlədiyimizdən də konstruktiv və uğurlu keçdi. Bu barədə çərşənbə axşamı telefonla hazırda Strasburqda olan Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sədrinin müavini Gültəkin Hacıyeva məlumat verib.

Hacıyeva qeyd edib ki, AŞPA həmməruzəçiləri Andres Herkel və Toni Lloyidin hazırladıqları məruzədə ciddi narahatlıq doğuran məqamlar yoxdur.

"Biz məzuzə ilə tanış olmuşduq, ora bir sıra düzəlişlər təklif etmişdik və onlar qəbul olunmuşdu" - deyə Hacıyeva vurğulayıb.

Millət vəkili qeyd edib ki, müzakirələrdə əsasən demokratikləşmə prosesi müzakirə edilib.

Onun sözlərinə görə, Avropa Şurası Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir: "Avropa Şurasının mövqeyi ondan ibarətdir ki, Azərbaycan prezidentinin həyata keçirdiyi siyasət Avropa dəyərlərinə uyğundur."

Hacıyeva əlavə edib ki, müzakirələr zamanı uğurlarla yanaşı bir sıra nöqsanlar da qeyd olunub, tənqidi fikirlər səsləndirilib. O deyib ki, bu da normal haldır. Çünki Azərbaycan monitorinq altındadır. Monitorinq altında olan ölkələrlə bağlı tənqid hər zaman olur.

"Əsas olan odur ki, Avropa Şurası Azərbaycanda 2008-ci ildə keçiriləcək prezident seçkilərinə böyük ümidlə baxır. Bu seçkilərin əvvəlkilərlə müqayisədə daha demokratik və şəffaf keçiriləcəyini gözləyir" - deyə millət vəkili əlavə edib.

O, sessiya zamanı Azərbaycanın ciddi şəkildə tənqid olunmasına dair məlumatları təkzib edib.

Aprelin 16-da Strasburqda öz işinə başlayan AŞPA-nın yaz sessiyasının ilk günündə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə edilib. Nəticədə 99 deputat lehinə, 1 nəfər əleyhinə və 4 deputat bitərəf qalmaqla Azərbaycanla bağlı qətnamə qəbul olunub. İclasda Səməd Seyidov, Gültəkin Hacıyeva, Sabir Hacıyev, Qənirə Paşayeva, Əli Hüseynov və Rafael Hüseynovdan ibarət Azərbaycan nümayəndə heyəti iştirak edir. Sessiya aprelin 20-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti